Vaxt.Az

«Ziyalılar Forumunda bir necə adam var ki...»


 

«Demişəm ki, siz, niyə fəaliyyət göstərmirsiniz?»

«Ziyalılar Forumunda bir necə adam var ki...» Milli Şuranın fəxri sədri, Ziyalılar Forumunun üzvü Rüstəm İbrahimbəyovun AzNews.az-a müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik.

 

- Rüstəm müəllim, siz Azərbaycanı tərk etdikdən sonra Ziyalılar Forumunun fəaliyyəti demək olar ki, görünmür. Qurum sanki fəaliyyətini dayandırıb. Mövcud vəziyyəti siz necə dəyərləndirirsiniz?

- Ziyalılar Forumu yaradılanda mən tək deyildim. Bu prosesi 5-6 nəfərlə başladıq. Qurum yaranan gündən doğurdan da çox gözəl fəaliyyət göstərdi. Amma sonra seçki proses başladı. Bununla da Azərbaycanda vəziyyət dəyişdi. Lakin buna baxmayaraq, mən Ziyalılar Forumunun bütün üzvlərinə dəfələrlə müraciət etmişəm. Demişəm ki, siz, niyə fəaliyyət göstərmirsiniz? Ziyalılar Forumunun fəaliyyəti niyə dayanıb? 

 

- Ziyalılar Forumunun üzvlərinin sizin bu suallara cavabı necə olub?

- Göründüyü kimi dəfələrlə desəm də, nəticə yoxdur. Yəqin Azərbaycanda vəziyyət belə tələb edir. Həm də ziyalılara hökumət və dövlət tərəfindən təzyiqlər artır. Yəni belə bir vəziyyətdə susmağı daha gərəkli hesab ediblər, yəqin... 

 

- Sizcə ziyalı susmalıdırmı? Ümumiyyətlə, Ziyalının susmağına necə baxırsınız?

- Əlbəttə, çox pis baxıram. Azərbaycanın gələcəyi o zaman yaxşı olacaq ki, iqtidar və hökumət nümayəndələri ziyalı mövqeyinə hörmətlə yanaşacaq. 

 

- Rüstəm bəy, əgər bir qurum iclaslar, toplantılar keçirmirsə, ölkədə baş verən proseslərlə bağlı müzakirələr aparmırsa, o zaman onun fəaliyyəti nəyə gərəkdir? Yəni, bu mənada Ziyalılar Forumunun fəaliyyətinin davam etməsinə ehtiyac varmı?

- Qətiyyən bu fikirlə razı deyiləm. Əlbəttə ki, Forumun fəaliyyətinə ehtiyac var. Hər halda reallıq nəzərə alınmalıdır. Bəllidir ki, qurumun fəaliyyətinin davam etdirilməsinə imkanlar yoxdur. Hara yığılsınlar? Toplantı üçün yer lazım, yer də yoxdur. İqtidar istəmir ki, bu qurum fəaliyyət göstərsin. İnsanlar da yorulub. Nəzərə alın ki, ziyalılar da insandır. Bunu da deyim ki, Ziyalılar Forumu təşkilat deyil. Əslində, Ziyalılar Forumu özfəaliyyət kimi bir qurumdur. Nə sədrimiz var, nə də ki başqa vəzifələr. Hərdən bir vaxtaşırı yığışar, çox mühüm problemləri müzakirə edərdik və ictimaiyyətə bu barədə fikirlərimizi çatdırardıq. İqtidar isə bizim yığışmağımızı və fikirlərimizi lazımsız bilib, təzyiqləri elə artırdı ki, indi daha toplantı da keçirilmir.

 

- Yazıçı Əkrəm Əylisli mətbuata açıqlamasında bildirib ki, Ziyalılar Forumu siyasətlə məşğul olmalı deyildi. Amma başda Rüstəm İbrahimbəyov olmaqla bir neçə nəfər gedib siyasi proseslərə qoşuldu. Nəticədə isə qurum siyasətin qurbanına çevrildi... Bu fikirlərlə razısınızmı?

- Bunu mən də həmişə demişəm. Ziyalılar Forumu siyasətlə məşğul olmalı deyil. Olmamalıdır.

 

- O zaman niyə prezidentliyə namizədliyinizin irəli sürülməsinə icazə verirdiniz? Belə çıxır ki, Forumun qaydalarını siz pozulub?

- Ziyalılar Forumunun üzvlərinin hərəsinin bir peşəsi və vəzifəsi ola bilər. Ziyalılar Forumunun özü bütövlükdə siyasətlə məşğul olmalı deyil. Amma üzvləri isə istənilən vəzifədə işləyə bilər. Bilirsiniz, Ziyalılar Forumunda bir necə adam var ki, onlar həmişə siyasətlə məşğul olub. Ona görə, forum öz yığıncaqlarında siyasətlə bağlı mövzulara toxunmalı deyil, bu istiqamətdə verilən suallara cavab da verməməlidir. Ancaq ictimai və sosial problemlər diqqət mərkəzində olmalıdır. 

 

- Azərbaycana gəlmək haqqında düşünürsünüzmü?

- Yox, bu barədə danışmaq istəmirəm. Çünki səbəblər çoxdur. Mənim çoxlu sayda işlərim var. Bilmirəm hansından başlayım, yaxud da bitirim.

 

- Milli Şuranın fəxri sədri kimi qurumun fəaliyyətini necə dəyərləndirirsiniz?

- Milli Şura ilə əlaqəm var və proseslərin içindəyəm. Hər şey yerindədir.

 





08.04.2014    çap et  çap et