Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ikinci iş günündə AŞ-nin insan hüquqları üzrə komissarı N.Muiznieks 2013-cü il üzrə fəaliyyət hesabatını təqdim etdikdən sonra Assambleya üzvlərinin suallarını cavablandırıb.
Komissara Azərbaycan nümayəndə heyətinin üzvü R.Hüseynov da sual verib.
Millət vəkili sualında bildirib: «Bir dövlətin başqa bir dövlətin ərazilərini zəbt etməsi pis hadisədir. Amma bu cür işğalçı təbiətli bir dövlətin həm də öz xalqını işğal etməsi ikiqat dəhşətlidir. Ermənistan dövləti son 20 ildən artıq müddətdə yalnız Azərbaycana qarşı deyil, həm də öz xalqının əleyhinə təcavüz siyasəti aparır. Nəticə də ondan ibarətdir ki, Ermənistan faktiki olaraq müstəqilliyini itirərək kənardan idarə olunan bir forposta çevrilib. Beynəlxalq təşkilatlardan illərdən bəri real kömək görə bilməyən Azərbaycan öz problemini özü həll edəcəkdir və bunun üçün artıq kifayət qədər imkanları vardır.
Lakin məni narahat edən köhnə qonşumuz, öz dövlətinin apardığı cinayətkar siyasətin girovuna çevrilmiş erməni xalqının çətin taleyidir. Sizdən soruşmaq istərdim - ölkəni mafiya qaydaları ilə idarə edənlər tərəfindən müstəqil olmaq haqqı əlindən alınan yüz minlərlə Ermənistan vətəndaşının hüquqlarını qorumaq üçün hansı konkret addımlar atılmasını mümkün hesab edirsiniz?»
N.Muiznieks cavabında qeyd edib ki, Ermənistana səfəri planlaşdırılır və bu səfər çərçivəsində insan haqları ilə bağlı böyük problemlər dairəsini təfərrüatlı şəkildə araşdırmaq niyyətindədir.Komissarın qənaətincə, üzv ölkələrin hər biri Avropa Şurasının təqdir etdiyi dəyərlərə sadiq olmalı və onları ardıcıl şəkildə həyata keçirməlidir.