Vaxt.Az

Qırğızıstana dəstək çıxışı


 

«Bir sıra ciddi daxili siyasi problemlərə baxmayaraq, ...»

Qırğızıstana dəstək çıxışı Millət vəkili Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Qırğızıstana dəstək çıxışı edərək regionda indiki gərgin vəziyyət fonunda qurumun bu ölkəyə demokratiya üzrə tərəfdaş statusu verməsinin önəmli olduğunu vurğulayıb.

AŞPA-da Qırğızıstana Assambleyada «Demokratiya üzrə tərəfdaş» statusunun verilməsi ilə bağlı müzakirələrdə çıxış edən millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib: «Qırğızıstan Mərkəzi Asiya ölkələri arasında Assambleyamıza demokratiya üzrə tərəfdaş status üçün müraciət edən ilk ölkədir və onların bu addımı Assambleyamız tərəfindən ciddi şəkildə alqışlanmalı və dəstəklənməlidir. Bu addımı atmaqla Qırğızıstan ən yaxşı Avropa praktikasını və özünün gələcək inkişaf yolunda Avropa Şurası standartlarını seçdiyini göstərib.

Qeyd etmək istəyirəm ki, Qırğızıstan xalqı, parlamenti Avropa Şurası dəyərlərinin, insan haqları, demokratiya, söz azadlığı, azad və demokratik seçkilər, qanunun aliliyi ilə bağlı dəyərlərin ölkələrində möhkəmlənməsi istiqamətində ciddi addımlar atırlar və çox önəmli amma asan olmayan bir bölgədə yerləşən Qırğızıstanın bu addımları ciddi dəstəklənməlidir. Müstəqilliyini yenidən qazandıqdan sonra iqtisadi çətinliklərə, bir sıra ciddi daxili siyasi problemlərə baxmayaraq Qırğızıstan inkişaf edir və öz inkişafında demokratiyanın inkişafını əsas tutur.

Ölüm hökmünün ləğv edilməsi, siyasi institutların inkişafı istiqamətində həyata keçirilən konstitusiya islahatları ilə bərabər azad və ədalətli seçkilərin keçirilməsi, siyasi və ictimai həyatda qadınlarla kişilərə bərabər imkanların tanınması, korrupsiyaya mübarizə sahəsində gördüyü işlər, qeyri-hökumət təşkilatlarının qanunverici və icra orqanlarının fəaliyyətinə cəlb olunması, yerli və lokal demokratiyanın inkişafı kimi bir sıra önəmli islahat və addımlar Qırğızıstanın seçdiyi yolu açıq göstərir və onlar Assambleyamız tərəfindən demokratiya üzrə tərəfdaş statusunun verilməsi bu istiqamətdə addımların sürətlənməsi üçün önəmli bir dəstək olacaq. Assambleyamız Qırğızıstana demokratiya üzrə tərəfdaş statusunu verməklə Bişkekin, Qırğızıstan parlamentinin, qeyri-hökumət təşkilatlarının demokratiyanın inkişafı, insan haqlarının müdafiəsi, dundamental azadlıqlar, qanunun aliliyi ilə bağlı gördükləri işləri, səylərini daha da gücləndirəcək.

Qədim tarixi, gözəl mədəniyyəti olan və Avropa Şurası dəyərlərini bölüşən Qırğızıstana demokratiya üzrə tərəfdaş statusunun verilməsi həm də son günlər çox böyük gərginliklər və günlər yaşayan regionda Qırğızıstana veriləcək böyük dəstək olacaq Assambleyamız tərəfindən Qırğızıstana demokratiya üzrə tərəfdaş statusunun verilməsi bu ölkə ilə təşkilatımız arasında əməkdaşlığı genişləndirəcək ki, bunun nəticəsində Qırğızıstanda demokratik institutların daha surətli inkişafı, bir sıra vacib islahatların surətlə həyata keçməsinə də təkan verə bilər. Bu əməkdaşlığın genişlənməsi isə təkcə Qırğızıstan deyil, təşkilatımız üçün də önəmlidir. Bu əməkdaşlığın müsbət təsirinin gələcəkdə Mərkəzi Asiyaya daha geniş yayılmasına da təkan verə bilər ki, Avropa Şurası üçün bu çox önəmlidir.

Mənim ölkəm Azərbaycanla Qırğızıstan arasında da əməkdaşlıq və əlaqələr daha da inkişaf edir və biz bu əməkdaşlığım genişlənməsinə böyük önəm veririk. Çıxışımın sonunda Qırğızıstan Parlamentindən olan dostlarımızı təbrik edirik və bu status alaraq Avropa ailəmizə xoş gəldiniz demək istəyirəm».

 





08.04.2014    çap et  çap et