Vaxt.Az

Ən zəif halqa islahatı


 

Repetitorluq ləğv olunsa, uşaqlar yüksək nəticə göstərə bilərmi?

Ən zəif halqa islahatı Biz təhsilin bir dövrəsinə gəlib çatmışıq ki, sanki məktəb yoxmuş kimi uşaqlar 1-ci sinifdən repetitor yanına gedir… Bu, təhsilin uğursuzluğu deyilmi? Əgər məktəb lazımi bilik vermirsə, repetitor sistemini günahlandırmaq nə qədər doğrudur?

Repetitorluq tədricən ləğv olunsa, bəs yerinə nə qoyulacaq? Məktəblər nə qədər hazırdır? Müəllimlər dərs yükü, şagird sayı, proqramın ağırlığı ilə repetitorluq olmadan eyni nəticəni təmin edə biləcəkmi?

Hazırlıq sistemini ləğv etməklə problemi həll etmirik. Təhsili keyfiyyətli etmədən, repetitorluğu ləğv etməyə çalışmaq, xəstəlik müalicə olunmadan dərmanı atmaq kimidir. Əsas məsələ məktəbdə elə təhsil verməkdir ki, repetitor ehtiyacı yaranmasın.

İbtidai siniflərdə uşaqların repetitor yanına göndərilməsi onların uşaqlığını əlindən almaqdır. Amma orta və yuxarı siniflərdə bəzi fənlər üzrə əlavə dəstək həmişə lazım olacaq. Hər şagird fərqlidir və məktəbdə hamının eyni templə öyrənməsi mümkün deyil. Əsas məsələ odur ki, repetitorluq məcburiyyət yox, seçim olsun.

Əgər məktəblər yetərincə güclü olsa, repetitorluq təbii olaraq azalacaq. Amma məktəbləri dəyişmədən, sadəcə repetitorluğu ləğv etməklə, biz sadəcə uşaqların əlindən bir şans almış oluruq. İslahat ən zəif halqadan yox, sistemin özündən başlamalıdır!

 





11.02.2025    çap et  çap et