Ümumiyyətlə Azərbaycanın “Milli Təhlükəsizlik Konsepsiyası”nda və “Hərbi doktrinası”nda başqa zəruri dəyişikliklərə də ehtiyac var. Hər iki sənədin ana maddələrini işğal altındakı torpaqların azad olunması təşkil edir. Biz bu məsələni həll etmişik, həmin bəndlərə daha ehtiyac yoxdur. Misal üçün bəndlərdən birində belə yazılıb: “Ölkənin sürətlə inkişaf edən iqtisadiyyatında aparılan islahatlara və əldə edilən mühüm nailiyyətlərə baxmayaraq, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü ciddi siyasi və sosial çətinliklər yaradır. Bu problem Azərbaycan Respublikasının milli maraqlarına qarşı ən ciddi təhdiddir və regiondan kənara da öz təsirini göstərməkdədir”. Bu bəndə artıq ehtiyac yoxdur. Və ya ATƏT-lə bağlı belə bəndlər var: “Azərbaycan Respublikası ona qarşı təcavüzün və ərazisinin bir hissəsinin işğalının nəticələrini aradan qaldırmaq üçün münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə nizamlanmasının tərəfdarı olmaqda davam edir”, “Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində oynadığı rol baxımından ATƏT-lə əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətində xüsusi yer tutur”. Bu gün nə ATƏT-in özünün, nə də Minsk Qrupunun Azərbaycan üçün aktuallığı mövcuddur. Sənədlərdə bu bəndlərin əvəzinə bölgədə yaranan yeni durumu əks etdirən müddəalar əks olunmalıdır. Türkiyənin Azərbaycanla strateji müttəfiqliyi və “Şuşa bəyannaməsi”ndən irəli gələn vəzifələrin vurğulanmasına ehtiyac var.