1834-1842-ci illərdə İllinoys ştatının nümayəndələr palatasının, 1847-1849-cu illərdə Konqresin nümayəndələr palatasının üzvü olub.
1854-cü ildə yaranan və quldarlıq əleyhinə mövqe tutan Respublikaçılar partiyasına qoşulan Linkoln 1860-cı il prezident seçkilərində partiyanın namizədi olur. O, seçkilərdə cəmi 39,7 faiz səs toplayır. Amma dörd ciddi namizəd iştirak etdiyindən (o cümlədən, parçalanmış demokratların iki namizədi) və səslər parçalandığından birinci yeri tutur. Bu, ABŞ prezident seçkilərində indiyə qədər ən aşağı göstəricili qələbə sayılır.
Beləcə, birmənalı surətdə ABŞ-ın ən görkəmli prezidentlərindən biri hesab olunan Avraam Linkoln həm də ən az səslə seçilən prezidentdir.
Respublikaçı namizədin qələbəsi quldar ştatların ABŞ-dan ayrılmasına və 4 il sürən Vətəndaş müharibəsinə səbəb oldu ki, bu da ayrıca bir mövzudur.
Linkoln yaddaşlarda daha çox saqqallı qalıb. Halbuki prezident seçiləndə saqqallı deyildi. Seçki kampaniyası dövründə Nyu-York ştatında yaşayan Qreys Bedell adlı 11 yaşlı qız ona məktub yazır ki, sifətiniz çox arıqdır, saqqal saxlamaq sizə yaraşar. Linkoln onun məsləhətin qulaq asır və artıq kampaniyanın gedişində saqqal saxlamağa başlayır. İnauqurasiya mərasimində (1861-ci il martın 4-də) artıq əməlli-başlı saqqalı vardı.
Beləcə, Avraam Linkoln ABŞ-ın ilk saqqallı prezidenti oldu. O, həm də Respublikaçılar partiyasından ilk prezidentdir.
Avraam Linkoln kimi ciddi mənəvi prinsiplərə malik mütəfəkkirlə başlayan respublikaçı prezidentlər siyahısını indi hələ ki, Donald Tramp tamamlayır.