Vaxt.Az
Atəşkəs problemin həlli deyil
Rusiyanın dağıtdığı ölkənin bərpasına yüz milyardlarla dollar lazımdır
ABŞ Prezidenti Donald Trampın başlıca məqsədi Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmaqdır. Ağ Evin hazırkı sahibi üçün münaqişənin həlli vacib deyil, bu mürəkkəb məsələdir. Münaqişənin həlli indiki halda mümkün deyil. Tramp atəşkəsə nail olarsa, bu nəticəni özünün uğuru kimi qələmə verəcək. Halbuki, atəşkəs problemin həlli deyil. Rusiya işğalı tam başa çatdırmayıb, Ukrayna isə ərazilərini azad etməyib. Atəşkəs olarsa, Ukrayna itirdiyi əraziləri geri qaytara bilməyəcək. Bunun mümkün olmadığını Ukraynada anlayırlar. Buna baxmayaraq, Ukrayna ordusunun Kursk istiqamətində nəzarət etdiyi ərazi Kiyevin danışıqlarda əlini gücləndirəcək alətdir. Ukrayna heç zaman işğal altındakı ərazilərin Rusiyaya aid olduğunu hüquqi cəhətdən tanımayacaq, ancaq siyasi reallıqla hesablaşmalı olacaq. Reallıq isə ondan ibarətdir ki, Krım və Donbassın bir hissəsi Ukraynanın nəzarətində deyil. Rusiyanın dağıtdığı şəhər, qəsəbə və kəndlərin bərpasına yüz milyardlarla dollar lazımdır.Beynəlxalq aləm Rusiya-Ukrayna müharibəsindən yorulub.
Müharibənin dayandırılmasına siyasi sifariş var. Müharibə Rusiya və Ukraynanın
özündə də yorğunluq əmələ gətirib. Tərəflər mövqe döyüşlərində hər gün xeyli
itki verirlər. Müharibə dayandırılsa da, Avropanın tələsik Rusiya ilə əlaqələri
bərpa edəcəyini düşünmürəm. Əlbəttə, Avropa ölkələri içərisində, misal üçün
Macarıstan və Slovakiya Brüsseldən Rusiya ilə əlaqələrin tam bərpasını tələb edəcəklər.
Ancaq Fransa, Almaniya, Polşa və Baltik ölkələri Rusiya ilə əlaqələrin bərpasına
ehtiyatla yanaşacaqlar. Avropa ölkələrinin böyük hissəsi Rusiyanın enerji
asılılığından qurtulub. Həmin ölkələrin yenidən Rusiyadan böyük həcmdə neft və
qaz alacağını proqnozlaşdırmıram.
Rusiyanın müharibədən qalib çıxması bir çox ölkə kimi Azərbaycanın
da təhlükəsizlik maraqlarına cavab vermir. Rusiya Gürcüstan və Ukraynadan sonra
diqqətini ətrafındakı digər dövlətlərə yönəldəcək. Bu səbəbdən Azərbaycan
Türkiyə ilə siyasi və hərbi ittifaqı gücləndirməlidir.
13.02.2025
çap et