Xəbərə görə hakimiyyət ilin əvvəlində «Sülh korpusu»nun Azərbaycanda işləyən onlarla əməkdaşından ölkəni tərk etməyi istəyib. «Sülh korpusu» ABŞ vətəndaşlarının başqa ölkələrdə pulsuz ingilis dili tədrisi proqramıdır.
Bu proqramla Azərbaycan arasında əməkdaşlıq razılaşmasının müddəti ötən ilin oktyabrında bitib və hakimiyyət əməkdaşlığı uzatmayacağını bildirib. Hələ ki, rəsmi Bakı bununla bağlı rəsmi izahat vermir. Eyni zamanda Amerikadan yeni könüllüləri də qəbul etməkdən imtina edir.
«Sülh korpusu»nun rəhbərliyi və ABŞ-ın Bakıdakı səfirliyi son bir neçə ayda bu məsələ ilə bağlı Azərbaycan hökuməti ilə intensiv təmaslarda olublar. Lakin heç bir müsbət nəticə əldə edilməyib.
«Sülh korpusu» proqramı Azərbaycanda 2003-cü ildən fəaliyyət göstərir və bu proqram çərçivəsində 500-dən çox amerikalı könüllü Azərbaycanda olub. Könüllülər əsasən kənd yerlərində məskunlaşıb və ingilis dili öyrədib. Hazırda «Sülh korpusu»nun 108 könüllüsü Azərbaycanda qalmaqdadır.
Bundan əvvəl Türkmənistan, Qazaxıstan və Özbəkistan da «Sülh korpusu» könüllülərini ölkədən çıxarıb.