Vaxt.Az

Futbolçu qiyamı gözlənilir


 

Klublar idmançıların maaşlarını ödəyə bilmir, bir neçə ayın borcu yığılıb qalıb

Futbolçu qiyamı gözlənilir Azərbaycan futbol təsərrüfatında maliyyə böhranı yaşanması ilə bağlı xəbərlər yayılıb. Yayılan məlumatlarda bildirilir ki, maliyyə böhranı Topaz premyer-liqasında çıxış edən bir neçə klubu əhatə edir.

Publika.az bu yöndə araşdırma apararkən maraqlı məlumatlar əldə edib. Maraqlı məqam ondan ibarətdir ki, maliyyə böhranı yaşayan klublar arasında «Neftçi»nin də adı çəkilir. 

Azərbaycanda futbol meneceri kimi çalışan, adının açıqlanmasını istəməyən şəxsin sayta verdiyi məlumata görə, «Neftçi» iki aydır futbolçuların pulunu vermir. «Neftçi»də maliyyə böhranı təxminən 5 aydır ki, yaşanır. Buna qədər futbolçuların 3 aylıq məvacibi verilməyib. 

İki ay bundan əvvəl borclar ödənilərkən klub rəhbərliyi futbolçulara söz verib ki, bir daha belə hal yaşanmayacaq. Ancaq futbolçular son iki ayın da məvacibini ala bilməyiblər. 

Çempionatın daha bir iddialı klubu «Bakı» da 2 aydır ki, futbolçuları pul üzünə həsrət qoyub. Belə ki, Hafiz Məmmədovun başı Fransadakı «Lans»ına o qədər qarışıb ki, Azərbaycan premyer-liqasındakı «Bakı»nı unudub.

Bundan əlavə, eyni mənbədən maliyyələşən iki klub - «İnter» və «Simurq» da 3 aydır ki, futbolçularına maaş vermir. 

Məlumatda bildirilir ki, pulsuzluqdan bezən «Simurq»un futbolçuları ötən həftə keçirilən «İnter»lə oyunu boykot etmək fikrində olublar. Ancaq rəhbərlik onlara söz verib ki, «qardaş»la oyundan sonra maaşlar ödəniləcək. Amma hələ də vəd yerinə yetirilməyib.

Məlumatda AZAL klubunda da maliyyə baxımından sıxıntılar olduğu vurğulanır. Komanda üzvləri 3 aydır maaş üzünə həsrətdir. Vaqif Sadıqovdan sonra komandanı çalışdıran Tərlan Əhmədov da futbolçuların bu durumuna əlac tapa bilmir.

Çempionatın autsayderi «Rəvan»da da durum ciddidir. Futbolçular 4 aydır ki, məvacib almırlar. Klub rəhbərliyi Güvenc Kurtara, o isə futbolçulara vəd verir.  

Birdən-birə bir neçə klubda yaşanan maliyyə böhranının nədən qaynaqlandığı barədə məlumat əldə edə bilmədik. Bu yöndə araşdırmalarımızı davam etdiririk.

 





09.04.2014    çap et  çap et