Prezident xatırladıb ki, “Google”un baş direktoru Sundar Piçaiyə məsələ ilə bağlı məktub göndərərək, bölgənin adının düzgün verilməsini istəyib, lakin aldığı cavabdan kifayətlənməyib.
“Hazırda “Google” ilə mübahisəmiz var. Məktuba cavab verdilər, biz yenə sorğu göndərdik. Lazım gələrsə, hüquqi addımlar atacağıq. Çünki “Google” ABŞ-da “Amerika körfəzi” ifadəsini işlətdiyini deyir, lakin digər bölgələrdə “Meksika körfəzi”ni göstərir”, – dövlət başçısı bildirib.
“Google”un səhv etdiyini iddia edən Şeynbaum, “Hətta prezident Donald Tramp Meksika körfəzini “Amerika körfəzi” adlandırmağı təklif etməyib. O, yalnız kontinental şelf üçün ad çıxarıb. Deməli, “Google” yanılır. Əgər israr etməyə davam etsələr, biz məhkəməyə müraciət etməyi düşünürük. Çünki onlar hətta bizim qitə şelfimiz olan Meksika ərazisində belə adı dəyişiblər. Biz hüquqi departamentimiz tərəfindən atılacaq addımları izləyirik”.
“Britannica” Ensiklopediyasının Meksika körfəzi adını istifadə etməyə davam etdiyini xatırladan Şeynbaum, “Təbii ki, “Britannica”ya minnətdarıq. Bununla belə, informasiya sektorundakı özəl şirkətlərin, xüsusən də “Google” kimi platformaların dəqiq məlumat verməsi vacibdir. Meksika körfəzi beynəlxalq su obyektidir və ABŞ-ın bu adı birtərəfli olaraq dəyişmək səlahiyyəti qeyri-müəyyəndir”, – deyib.
“Google”, ABŞ prezidenti Donald Trampın göstərişinə uyğun olaraq, ABŞ-ın xəritəçəkmə proqramında “Meksika körfəzi” adını “Amerika körfəzi” olaraq dəyişdirdiyini açıqlayıb.