APA-nın xəbərinə görə, K. Kılıçdaroğlunu yumruqlayan Orxan Övət adlı şəxsin hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olduğu ortaya çıxıb. Bunu AKP liderinin müavini Hüseyn Çelik açıqlayıb.
H. Çelik O. Övetin 2012-ci ildə Ankaranın Almadağ rayonunda partiyaya üzv yazıldığını bildirib: «9 milyondan çox üzvümüz var. Çoxlu sayda cinayət törətmiş bir adamın partiyaya qəbulunu ciddi diqqətsizlik kimi qiymətləndiririk. O, artıq partiyadan qovulub. Hörmətli Kılıçdaroğluna bir daha keçmiş olsun diləklərimizi çatdırırıq».
CHP-nin başqan müavini Gürsəl Tekin isə O. Övətin AKP üzvü olduğunu hadisə baş verən axşamdan bildiklərini söyləyib: «İstintaqa mane olmamaq üçün bunu açıqlamadıq və hökumətdən açıqlama gözlədik».
G. Tekin O. Övətin bəzi siyasətçilər və millət vəkilləri ilə əlaqəsi olduğuna işarə vurub: «Bu şəxsin siyasətçilərlə, millət vəkilləri ilə əlaqəsi olub-olmadığını önümüzdəki günlərdə görəcəyik. Biz hələlik sübutu olmayan hər hansı iddianı paylaşmağı doğru saymırıq».
CHP Orxan Övətin parlamentin binasına kimin dəvəti ilə daxil olduğu və içəridə kimlərlə görüşdüyünün araşdırılmasını tələb edir.
Bu arada Orxan Övətin sərbəst buraxılması ilə bağlı xəbər yayıldı. Türkiyə mətbuatının məlumatına görə, O.Övet məhkəmə nəzarəti şərtiylə azad edilib.