Vaxt.Az

Səfir, yoxsa müharibə “qırğı”sı?


 

Başa çatan həftənin çoxlu suallar doğuran fotosu haqda qeydlər

Səfir, yoxsa müharibə “qırğı”sı? İranın Ermənistandakı səfiri Mehdi Sobhani İrəvan orta məktəblərinin birində hərbi hazırlıq dərsinə qatılıb. İranı diplomatı bu addımı atmaqda məqsədi nə olub, kimə, nə mesaj ünvanlayıb?

İranın ermənipərəst “Miran Press” “Telegram” kanalı xəbər verir ki, sinifdə hərbi hazırlıq fənninin tədris prosesi ilə tanış olan səfir erməni şagirdlərə deyib ki, “Ermənistan və İran sülhə can atırlar. Onlar öz gücləri və dostluq dəstəyi ilə bu sülhü qoruya bilərlər”.

Səfir hara, hərbi hazırlıq dərsi hara?

Dünya diplomatiya tarixindən də bildiyimiz kimi səfirlər (və ümumiyyətlə, bütün diplomatlar) müharibələrdən uzaq durmağa çalışır, generallara çox soyuq yanaşır və savaşa yox, danışıqlara üstünlük verirlər.

Lakin İranın təxribatçı səfiri isə deyir ki, onlar güc yoluyla sülhü qoruya bilərlər.

Bir sözlə, səfir Sobhani masanın üzərindəki silahlara sülhün rəmzi kimi baxır.

Təsadüfi deyil ki, İranın regiondakı əsas müttəfiqləri olan Rusiya və Ermənistan da Cənubi Qafqazda məhz hərbi güc amilinə daha çox üstünlük verirlər. Bu üç şər dövlətin rəsmilərininin və diplomatlarının sülhdən danışmaqları imitasiyadan və manipulyasiyadan başqa bir şey deyil.

P.S. Mehdi Sobhani kimi şəxslərə diplomat yox, müharibə “qırğı”sı deyilir. Bunların missiyası sülh yox, çaxnaşma yaratmaq, müharibələr üçün zəmin hazırlamaqdır.

 





17.02.2025    çap et  çap et