ABŞ və Rusiyanın yüksək rütbəli rəsmilərinin Ukrayna müharibəsini müzakirə etmək üçün bu həftə Səudiyyə Ərəbistanında görüşəcəyi gözlənilir.
Münaqişələrə son qoymaq üçün keçirilən görüşlərə avropalı və ukraynalı siyasətçilərin dəvət olunmaması tənqidlərə səbəb olub.
Fransa prezidenti Emmanuel Makron bu gün Parisdə ABŞ prezidenti Donald Trampın siyasəti və Ukrayna ilə bağlı Avropa liderlərinin iştirakı ilə fövqəladə sammit keçirəcək.
Böyük Britaniyanın ictimai yayımı olan BBC-nin təhlükəsizlik üzrə müxbiri Frank Qardner Münhen sammitindən beş diqqət çəkən məqamı sadalayıb.
Dövrün sonu
SSRİ-nin Avropaya genişlənməsinin qarşısını almaq üçün 1949-cu ildə yaradılan Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) ən mühüm prinsiplərindən biri, üzvlərindən birinə hücum edilərsə, digərlərinin də ona yardım edəcəyini şərtləndirir.
“ABŞ hələ də NATO-da olsa da, Avropa artıq Birləşmiş Ştatların birbaşa köməyinə gələcəyinə ümid edə bilməz”, – deyə Qardner bildirib. O, İkinci Dünya Müharibəsindən sonrakı təhlükəsizlik strukturunun çökdüyünü iddia edib.
O bu iddianı irəli sürərkən keçən həftə Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısından sonra çıxış edən ABŞ dövlət katibi Pit Heqsetin, “ABŞ öz təhlükəsizliyi üçün NATO müttəfiqliyinə sadiq qalacaq, lakin Birləşmiş Ştatlar artıq asılılığı təşviq edən balanssız münasibətlərə dözməyəcək”, – sözlərinə əsaslanır.
Ukrayna siyasəti alt-üst oldu
Səudiyyə Ərəbistanında müharibəni müzakirə edəcək ABŞ və Rusiya, görünür, Avropa və Ukraynanı çox da dinləmir.
Donald Tramp və Vladimir Putin arasında telefon danışığından sonra keçiriləcək sammitdə ABŞ dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoffun iştirakı gözlənilir.
Trampın fevralın 12-də görüşdüyü adlardan biri olan Ukrayna prezidenti Vladimir Zelenski sammitə dəvət edilmədiklərini açıqlayıb və onların iştirak etmədiyi görüşdən çıxacaq razılaşmanı qəbul etməyəcəklərini vurğulayıb.
“İndi daha çox xərcləyin” vurğusu
Bütün Avropa dövlətləri Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsindən sonra hərbi büdcəyə daha çox pul ayırmalı olduğunu qəbul etsə də, bununla bağlı lazımi addımları atanların sayı məhduddur.
2014-cü ildə qəbul edilən qərara görə, NATO ölkələri ümumi daxili məhsulunun (ÜDM) ən azı 2 faizini müdafiəyə xərcləməlidir. Təşkilat bunu 3 faizə çatdırmağı planlaşdırır.
2017-2021-ci illərdəki ilk prezidentlik dövründə bu faizi 4 faiz olaraq təyin edən Tramp indi 5 faiz istəyir.
NATO məlumatlarına görə, Birləşmiş Ştatlar keçən il ÜDM-nin təxminən 3,4 faizini müdafiə büdcəsinə xərcləyib.
Digər tərəfdən, Avropa Ukraynaya verdiyi töhfəyə görə ABŞ-ı geridə qoyub. Avropa 70 milyon avro humanitar və 62 milyard avro hərbi yardım göstərdiyi halda, ABŞ 50 milyard avro maddi və humanitar, 64 milyard avro hərbi yardım göstərib.
Ceyms Vens tərəfindən həmin çıxış
ABŞ-ın vitse-prezidenti Vensin sammitdə etdiyi çıxışda Avropa siyasətini sərt tənqid etməsi Münhendə bir çox nümayəndəni şoka salıb.
Konfransın ilk günündə Vens, “Avropa üçün ən çox narahat olduğum Rusiya, Çin və ya hər hansı digər xarici aktordan deyil, içəridən gələn təhlükədir”, deyərək qitədə ifadə azadlığının azaldığını iddia edib və bir çox avropalı siyasətçidən “Vaşinqton bizim daxili işlərimizə qarsımasın”, – etirazı gəlib.
Donald Tramp və ABŞ dövlət katibi Marko Rubio bu çıxışı yüksək qiymətləndirdiklərini vurğulayıblar.
Fikir ayrılığı
Donald Trampın bütün polad və alüminium ixracatına 25 faiz rüsum tətbiq edəcəyini açıqlaması NATO ölkələrinin başqa sahələrdə də problem yaşadığını ortaya çıxardı.
Atlantik okeanının hər iki tərəfində ticarətdən tutmuş Rusiya ilə münasibətlərə qədər bir çox məsələlərdə gərginlik artıb.
BBC, Böyük Britaniyanın baş naziri Keir Starmerin gərginliyi azaltmaq üçün mübarizə apardığını, eyni zamanda ABŞ və AB arasında seçim etmədiklərini vurğulayıb.