Bu barədə «Space TV»yə açıqlamasında
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında
Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev
məlumat verib.
Onun sözlərinə görə, hələlik «Avro-4»
standartları yalnız ölkəyə gətirilən avtomobillərə aiddir. Azərbaycanda hazırda
istismarda olan avtomobillərə isə bu şamil olunmayacaq: «Səbəbi odur ki,
hazırda ölkədə, xüsusilə də əyalətlərdə
20-30 ilin avtomobillərindən istifadə olunur. Bəzən bundan sadəcə
təsərrüfatı məqsədləri üçün, hətta odun daşımaq üçün istifadə edirlər. Biz onlara qadağa qoymaqla
onların sosial rifahlarına təsir edə və müəyyən çətinliklər yarada bilərik».
Amma gələcəkdə qonşu ölkələrdə olduğu
kimi Azərbaycanda da köhnə avtomobillərin məhv edilməsi təcrübəsi tətbiq oluna
bilər: «Qeyd edək ki, bir sıra ölkələrdə belə avtomobilləri dövriyyədən
çıxarmaq üçün dövlət tərəfindən müxtəlif proqramlar reallaşdırılır. Hətta
müxtəlif kompensasiyalar verilir. Yəqin ki, gələcəkdə bizdə də bu məsələlər
nəzərdən keçiriləcək».
Bəzi ölkələr bu prosesdən yerli
avtomobil istehsalını artırmaq üçün istifadə ediblər: «Məsələn, Rusiyada yerli
istehsal olduğuna görə, onlar bu prosesdən həm də yerli avtomobillərin
satışının artırılması üçün istifadə ediblər. orada kompensasiya o şərtlə
verilirdi ki, həmin pul yerli istehsal olunan avtomobil alınsın».
Xarici təcrübəyə uyğun olaraq
Azərbaycanda da məhv edilən avtomobillərin sahiblərinə kompensasiya verilər və
ya yeni avtomobil almaq üçün imkanlar yaradıla bilər: «Bu təkcə bizim komitənin
səlahiyyətində deyil - kompleks şəkildə həll olunmalıdır. Və burada vəziyyət
müxtəlif dövlət qurumlarının hazırladığı təkliflərdən asılı olacaq. Onu demək
istəyirəm ki, hazırda bununla bağlı müzakirələr aparılır və gələcəkdə yəqin ki,
bu məsələyə toxunacağıq».
Qeyd edək ki, hazırda ölkədə istismar müddəti başa çatmış bir neçə yüz min avtomobil istifadə olunur. Rəsmi rəqəmlərə əsasən də, ölkənin ümumu avtomobil parkı 1 245 min avtomobil təşkil etdiyi halda, icbari sığorta müqavilələri bağlanmış avtomobillərin sayı 700 mindən də azdır. Bu rəqəmlərdəki fərqin əsas səbəbi də məhz regionlarda, xüsusilə də ucqar ərazilərdə istifadə olunan avtomobillərin və ya ümumiyyətlə istifadə olunmayan avtomobillərdir.