Vaxt.Az

Yunanıstan zirvə görüşünə buraxılmayıb?


 

Müxalifət ölkəsinin Fransada Ukrayna sammitindən kənarlaşdırıldığnı iddia edir

Yunanıstan zirvə görüşünə buraxılmayıb? Yunanıstandakı müxalifət dünən Parisdə keçirilən Ukrayna ilə bağlı təhlükəsizlik sammitindən kənarda qaldıqlarını iddia edir, hökumət isə bu iddiaları rədd edir.

Ölkədə nəşr olunan “To Vima” qəzetinin xəbərinə görə, Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə paytaxt Parisdə Ukrayna ilə bağlı keçirilən fövqəladə sammitə Yunanıstanın dəvət edilməməsinə müxalifət, ölkənin əsas məsələlərdə “kənarda tutulduğunu” əsas gətirərək reaksiya verib.

Ana müxalifət partiyası Radikal Sol Alyansın (SYRIZA) lideri Sokratis Famellos Yunanıstanın Paris sammitində iştirak etməməsini baş nazir Kiriakos Mitsotakisin rəhbərlik etdiyi hökumətin xarici siyasət uğursuzluğu kimi qiymətləndirib.

Famellos həmçinin hökumətin Ukraynaya hərbi yardım göndərilməsi ilə bağlı şəffaf olmadığını və bunun Yunanıstanın diplomatik arenada lider mövqe tutma qabiliyyətini zəiflətdiyini iddia edib.

Hökumət onların Paris sammitindən kənarda qalması ilə bağlı iddiaları təkzib edib.

Hökumətin sözçüsü Pavlos Marinakis məsələ ilə bağlı qiymətləndirməsində, zirvənin Avropanın ən böyük iqtisadiyyatı olan ölkələrlə keçirildiyini və Ukraynaya ən çox hərbi yardım edən ölkələrin bir araya gəldiyini bildirib.

Paytaxt Parisdəki Yelisey sarayında dünən keçirilən Ukrayna ilə bağlı qeyri-rəsmi təhlükəsizlik sammitində Almaniya kansleri Olaf Şolz, İngiltərə baş naziri Keir Starmer, İtaliyanın baş naziri Giorgia Meloni, Polşanın baş naziri Donald Tusk, İspaniyanın baş naziri Pedro Sançes, Hollandiyanın baş naziri Dik Şof və Danimarka baş naziri Mette Frederiksen iştirak edib.

Sammitdə Aİ Şurasının sədri Antonio Kosta, Aİ Komissiyasının sədri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte də iştirak edib.

 





18.02.2025    çap et  çap et