Ali nümayəndə Ketrin Eşton Xarkov, Donetsk və Luqansk şəhərlərində hökumət binalarının zorla ələ keçirilməsini və Şərqi Ukraynadakı gərgin vəziyyəti yaxından izləyir. O, Ukrayna hökumətinin qayda-qanun yaratmaq üçün gördüyü ehtiyat tədbirlərini rəğbətlə qarşılayır.
Ali nümayəndə Aİ-nin Ukraynanın birliyi, suverenliyi və ərazi bütövlüyünü möhkəm dəstəklədiyini bir daha vurğulayıb. O, daxili və ya xarici qüvvələri Ukraynada sabitliyi pozmamağa çağırıb. Siyasi tələblər qeyri-zorakı yolla və müvafiq ictimai dialoq vasitəsilə həll olunmalıdır. Gələn ay keçiriləcək prezident seçkiləri Ukraynanın gələcəyi ilə bağlı öz mövqeyini göstərmək üçün vətəndaşları qanuni və əhatəli platforma ilə təmin etməlidir.
Ukraynada vaxtında və hərtərəfli konstitusiya islahatlarının keçirilməsi də çox vacibdir. Ukrayna hökuməti şərqdən qərbə bütün əhaliyə müraciət etməli, siyasi proses və islahatlar bölgənin müxtəlif nümayəndələrinin maraqlarını əks etdirməli, insan və vətəndaş haqlarına hörmətlə yanaşılmalıdır.
Aİ Ukrayna hökumətinin vəziyyəti sabitləşdirməsi səylərini dəstəkləyir. Ali nümayəndə Ketrin Eşton isə vəziyyətin de-eskalasiyası üçün diplomatik səylərini davam etdirir. Bu məqsədlə o, gələn həftə ABŞ, Rusiya və Ukrayna xarici işlər nazirləri ilə görüşəcək.
Avropa İttifaqı üzv dövlətlərinin xarici işlər nazirləri şurası hadisələrin növbəti inkişafını aprelin 14-ü qiymətləndirəcək.