Parisdə Ukrayna ilə bağlı qeyri-rəsmi təhlükəsizlik sammiti keçirən Avropa ölkələri indi ciddi hərbi yardım göstərməyə hazırlaşır.
“Politico” qəzeti avropalı diplomatlara istinadən xəbər verir ki, Avropa Birliyi (AB) Ukraynaya ən azı 6 milyard avro dəyərində hərbi yardım göstərməyə hazırlaşır. Əl-Cəzirə də “Politico”nun iddialarını gücləndirərək oxşar məlumat verdi. Əgər yardım reallaşarsa, bu, AB-nin müharibə başlayandan bəri Ukraynaya etdiyi ən böyük yardımlardan biri olacaq.
Müvafiq yardım paketinə artilleriya mərmiləri və hava hücumundan müdafiə sistemləri daxil olacaq. Yardımın 10 milyard avroya qədər ola biləcəyi və hər bir ölkənin ümumi milli məhsuluna nisbətdə töhfə verəcəyi bildirilir.
Düşünülür ki, AB bu yardımla Paris sammitindən konkret dəstəklə qayıtdığını sübut etmək və sülh danışıqlarında təsirini artırmaq istəyir.
Avropalı diplomatlar yardım paketinin detalları üzərində işləməyə davam edirlər.