İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycanın müasir texnikaya kəskin ehtiyacı vardı.
Cəmi üç ay ərzində agentlik iki Avropa istehsalçısı – Slovakiyanın “Way Industries” (Bozena texnikası) və Xorvatiyanın “DOK-ING” (MV-4 və MV-10 maşınları) şirkətləri ilə müqavilə bağlayıb. Bu satınalmaların dəyəri, agentliyin 22 illik fəaliyyətində aldığı texnikadan qat-qat artıq olub. Lakin bu seçimlər ciddi suallar doğurur.
Ən böyük qalmaqal ANAMA-nın Xorvatiyanın DOK-ING şirkəti ilə bağladığı müqavilə ətrafında yaranıb. Bu şirkətdə əsas fiqurlardan biri olan Konstantin Darmaniyan erməni əsilli olmaqla, əvvəllər Ermənistan ordusuna bu texnikanı satmağa çalışıb. O, Ermənistanın yüksək rütbəli hərbçiləri ilə əlaqə saxlamış və bu şirkət İrəvanda keçirilən müdafiə sərgilərində də iştirak etmişdi.
Nəticədə, Azərbaycan Xorvatiyanın MV-4 tipli minalardan təmizləmə texnikalarını alıb.
Əsas problem isə bu texnikanın yalnız piyada əleyhinə minaları təmizləyə bilməsi idi. Halbuki işğaldan azad edilən ərazilər həm piyada, həm də tank əleyhinə minalar “səpilib”. Beləliklə, MV-4 maşını tank əleyhinə minaya toxunduqda, dərhal partlama riski daşıyırdı.
ANAMA-nın 2006-cı ildən istifadə etdiyi yeganə MV-4 texnikası çox nadir hallarda işə salınırdı, çünki onun təhlükəli olduğu hər kəsə məlum idi. Bu fakt belə, agentliyin yenidən eyni modeldən 10 ədəd almağına mane olmadı.
Müxtəlif beynəlxalq ekspertlər DOK-ING texnikasının aşağıdakı ciddi çatışmazlıqlarını vurğulayır:
– 10-15 il əvvəl istehsal olunmuş köhnə texnologiyalardan istifadə olunur;
– Çoxsaylı hidravlik və elektron sistem nasazlıqları səbəbindən tez-tez sıradan çıxır.
Avstraliya ordusu bu texnikanı bir neçə yüz saat istifadə etdikdən sonra tamamilə imtina edib. Güclü mühərriklər kiçik korpusa yerləşdirildiyi üçün həddindən artıq qızma problemi var.
Bütün bunlar ANAMA üçün əlavə təmir və istismar xərcləri deməkdir. Lakin bu cür açıq problemlərə baxmayaraq, DOK-ING ilə müqavilə bağlanmışdı.
Slovakiyanın “Way Industries” şirkəti ilə ANAMA arasında bağlanmış müqavilə də korrupsiya şübhələrinə yol açır. Şirkət son illərdə dəfələrlə sahibkarlarını dəyişib və onun sahibləri şübhəli reputasiyaya malik şəxslər olub. Maraqlıdır ki, şirkətin əsas səhmdarlarından biri stomatoloq Rene Foltan idi.
Şirkət illərdir maliyyə problemləri ilə mübarizə aparır. 2011-2020-ci illərdə “Way Industries” 15 milyon avro zərərə düşüb. 2023-cü ildə isə bu məbləğ 20 milyon avroya yaxınlaşıb. Slovakiyanın “Forbes” jurnalının 2025-ci il yanvar tarixli məqaləsində şirkətin 400 min avro həcmində əməkhaqqı borcu olduğu və məhkəmə proseslərinin başladığı bildirilir.
Bütün bu risklərə baxmayaraq, ANAMA “Way Industries” şirkətindən 7 ədəd maşın alıb. Halbuki bu şirkətin yaxın gələcəkdə iflas elan etməsi ehtimalı çox yüksək idi və bu da ANAMA üçün texniki dəstək probleminin yaranacağı demək idi.
ANAMA rəhbərliyi DOK-ING və Bozena texnikalarının artıq agentlik tərəfindən tanındığını əsas gətirərək, onların alınmasını izah etməyə çalışıb. Lakin buna baxmayaraq, hər iki müqavilədə təlimlər üçün böyük məbləğlər nəzərdə tutulub.
Xüsusilə DOK-ING şirkəti ilə 2021-ci ilin iyul ayında imzalanmış müqavilədə üç MV-4 texnikası üçün beşrəqəmli məbləğdə təlim xərcləri qeyd olunub. Əgər bu texnika artıq ANAMA-nın istifadəsində idisə, bu qədər vəsait niyə ayrılmışdı?
Əsas sual budur: ANAMA niyə satınalmadan əvvəl bazarı araşdırmadı? Nəyə görə agentlik texniki ekspertlərini istehsalçı ölkələrə göndərməyib?
Maraqlıdır ki, ANAMA illər əvvəl çox daha kiçik büdcə ilə texnika alarkən bu proses daha şəffaf aparılırdı.
Həftəlik texniki iclaslar keçirilir, müsbət və mənfi tərəflər müzakirə olunurdu.
Ekspertlər texnikanı yerində yoxlamaq üçün Slovakiyaya gedirdi.