Vaxt.Az

Beş amerikalıdan dördü Putinə inanmır


 

Cəmi 9 faiz bunun əksini düşünür

Beş amerikalıdan dördü Putinə inanmır ABŞ-da keçirilən sorğunun nəticələrinə görə, seçicilərin böyük əksəriyyəti hesab edir ki, Rusiya prezidenti Vladimir Putinə etibar etmək olmaz.

Konnektikutdakı “Quinnipiac” Universiteti 13-17 fevral tarixləri arasında ölkə üzrə qeydiyyatdan keçmiş 1039 seçicinin iştirakı ilə keçirilən sorğuda Amerika ictimaiyyətindən Putinlə bağlı fikirlərini soruşub.

İştirakçıların 81 faizi Putinə etibar edilməməsi lazım olduğunu bildirsə də, respublikaçı seçicilər üçün bu nisbət yüzdə 73, demokratlar üçün isə yüzdə 93 olaraq qeydə alınıb.

Rəyi soruşulanların 9 faizi Putinə etibar edilə biləcəyini, 10 faizi isə fikir bildirmədiyini bildirib.

İştirakçıların 40 faizi ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyini bəyəndiyini, 44 faizi isə bəyənmədiyini bildirib. 16 faiz isə fikir bildirməyib.

Tramp və Putin arasında fevralın 12-də 1,5 saatlıq telefon danışığı olub.

İki lider arasındakı görüşdən sonra ABŞ və Rusiyanın yüksək səviyyəli nümayəndə heyətləri fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşərək ikitərəfli münasibətlərin normallaşdırılması və Rusiya-Ukrayna müharibəsinə son qoyulmasını müzakirə ediblər.

 





20.02.2025    çap et  çap et