Beləliklə, Pekin ABŞ-Rusiya diplomatları arasında aparılan danışıqları diqqətlə izləyir. Pekin hansısa mərhələdə danışıqlarda iştirak etmək istəyir. Birincisi, Pekin ABŞ-la Rusiya arasında razılaşmanın Çinin maraqlarına cavab verməyəcəyindən narahat olduğuna görə prosesin içində olmaq istəyir. İkincisi, Çin müharibədən sonra Ukraynanın yenidən qurulmasında, tikinti və bərpa işlərində iştirak etmək istəyir. Bununla Çin Ukraynada mövqelərini gücləndirməyə çalışacaq. Kiyev bunun əleyhinə deyil.
Buna baxmayaraq, hələ ki, Ukrayna ətrafında cərəyan edən proseslərdə və danışıqlarda Çinin iştirakından söhbət getmir. Pekin özü də hələ tələsmir. Çünki, Çin hakimiyyəti Donald Trampın planının nədən ibarət olduğunu özü üçün tam müəyyənləşdirməyib. Tramp özü də Çinin bu proseslərə qarışmasını istəmir. Ağ Ev sahibinin Kremllə Ukrayna ilə bağlı razılaşma əldə etməsinin əsas məqsədlərindən biri Rusiya-Çin ittifaqını zəiflətməkdir. Pekin də bundan narahatdır. Rusiya Prezidenti Vladimir Putin Pekinin narahatlığını azaltmaq məqsədilə Səudiyyə Ərəbistanındakı danışıqlar barədə Çin lideri Si Cinpini telefonla məlumatlandırıb. Buna baxmayaraq, Si Cinpin gedişatdan narahatdır. ABŞ-ın “CNN” televiziya kanalı Trampın təşəbbüslərinin illərdir formalaşan Pekin-Moskva ittifaqına mənfi təsir edəcəyinə dair geniş reportaj yayımlayıb. Belə görünür ki, Pekinin Moskvanın siyasətindən şübhəsi yaranıb. Trampa da elə bu lazımdır.