Putin bu hadisənin yalnız ona bəlli olduğunu və indi dilə gətirmək istədiyini ifadə edib.
O deyib ki, Sobçak SSRİ-nin dağılmasını çox ağrılı qarşılayıb: “Xatırlayıram, bir gün işdəydim (Vladimir Putin Sobçakın katibi olub – red.). O, Moskvadan qayıtdı, əlində olan hansısa vərəqləri masanın üstünə atdı. Harasa baxdı və sonra dedi: “Niyə onlar bunu edirlər?” Mən dedim ki, siz nə haqda danışırsınız, Anatoli Aleksandroviç? O qayıtdı ki, niyə onlar ölkəni parçalayıb-dağıdırlar?”
Sonra Rusiya lideri qəmginliklə “indi bu barədə şərh etmək istəmirəm” deyərək kövrəldiyini nümayiş etdirib.
Qeyd edək ki, Putinin SSRİ-nin dağılmasını “faciə” adlandırması ilk dəfə deyil. Ancaq budəfəki çıxışı onun bu hadisədən necə sarsılmasını daha çılpaqlığı ilə nümayiş etdirib. Bu da politoloqların müzakirəsinə səbəb olub. Belə ki, Putinin bütün siyasi fəaliyyətinin SSRİ-ni bu və ya digər formada bərpa etməyə həsr etdiyi gündəmə gətirilib.