Yəhudilərin çoxalması ilə eyni zamanda antisemitizmdə peyda olur. Hələ 1791-ci ildə II Yekaterina yəhudilərin daimi yaşaması üçün “məskunlaşma sahəsi” (черта оседлости) müəyyənləşdirmişdi. Bu ərazidən kənarda daimi məskunlaşmağa nadir hallarda icazə verilirdi.
Bununla belə, qeyd etmək lazımdır ki, yəhudilərə qarşı önyarğı etnik deyil, dini mahiyyət daşıyırdı. Pravoslavlığı qəbul edən yəhudilərin əvvəl yəhudi olması tezliklə unudulurdu və onlar xristianların malik olduqları bütün hüquqlara malik olurdular (çarizmdə hansı hüquqlar vardısa), o cümlədən, zadəganlıq qazana bilərdilər.
Lenin babası da belələrindən idi. O, Jitomirdə doğulmuşdu və əsl adı İzrail Blank idi. 1818-ci ildə Sankt-Peterburq imperator tibbi cərrahiyyə akademiyasına daxil oldu (yəhudilər üçün ali təhsil almaq mümkün idi, amma pravoslavlardan daha çətin idi, bunun üçün çox yüksək qabiliyyətlərə malik olmaq gərəkirdi). 1820-ci ildə qardaşı Abel ilə birlikdə pravoslavlığı qəbul etdi. Adını Aleksandr etdi, amma soyadı fransızlarda, almanlarda da yayğın olduğundan dəyişmədi. Anna adlı alman-isveç kökənli qızla evləndi. 1840-cı illərdə zadəganlıq əldə etdi. 1870-ci ildə vəfat etdi. Elə həmin il böyük övladı Mariya Vladimir adlı oğlan dünyaya gətirdi ki, sonralar Lenin kimi tanındı.
Bolşeviklər və sovet hökuməti beynəlmiləlçiliyi təbliğ edirdilər. Amma bu onlara Leninin yəhudi kökünün olmasını gizlətməyə mane olmurdu (Leninin özünün bu haqda məlumatsız olduğu güman edilir).
Leninin bacısı Anna Ulyanova bu faktı aşkar edəndən sonra 1932-ci ildə Stalinə məktub yazaraq xəbər verir və əlavə edir: “Biz kommunistlərin bu fakt barədə susmaq üçün hansı motivləri ola bilər?” Amma Stalin cavabında “Bu barədə qəti şəkildə susun” yazır. SSRİ dağılana qədər də susdular.