Vaxt.Az

Ali Məhkəmə FHN-ə qarşı


 

İki iddia təmin edildi

Ali Məhkəmə FHN-ə qarşı Ali Məhkəmənin İnzibati-İqtisad Kollegiyası dünən Şirvan Apelyasiya Məhkəməsinin 2010-cu il Kür daşqınından zərər çəkmişlərin işi üzrə qərarından kasasiya şikayətinə baxıb.

Xaqani Məmmədovun sədrliyi ilə keçirilən iclasda iddiaçılar, onların nümayəndəsi və vəkillər, habelə cavabdeh qismində Fövqəladə Hallar Nazirliyi (FHN), «Meliorasiya və su təsərrüfatı» ASC-nin əməkdaşları iştirak ediblər.

Prosesdə iddiaçıların ictimai müdafiəçiləri - «Kür» Vətəndaş Cəmiyyəti qərargahının üzvləri də iştirak ediblər.

Sabirabad rayon sakinləri Firudin Əsgərovun, Bayramxatun Hacıyevanın, Möhübbət Ağayevin və İmadəddin Kazımovun iddialarına baxılıb.

Vaxt.az «Turan»-a istinadən bildirir ki, xəbəri «Kür» Vətəndaş Cəmiyyəti qərargahı yayıb.

M.Ağayevin şikayəti təmin edilib və məhkəmə cavabdehlərin üzərinə ona daşqın nəticəsində dağılmış evini yenidən tikmək öhdəliyi qoyub.

Digər iddiaçıların şikayətləri təmin edilməyib.

Bir neçə gün əvvəl Ali Məhkəmə Saatlı rayon sakini Banu İslamovanın bənzər iddiasını təmin edib.

Təmin edilməmiş iddialar üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndəriləcək.

Kür çayında daşqın nəticəsində mülkiyyət hüquqlarının pozulması ilə bağlı məhkəmələrə ümumilikdə 200 nəfər müraciət edib. İki iddiaçının ərizələri Avropa İnsan Hüquqları Məhkəməsinin icraatına qəbul edilib.

Dörd il əvvəl baş vermiş dağıdıcı daşqının nəticələrinin ləğvi üçün dövlət büdcəsindən 460 mln. manat ayrılıb. «Kür» qərargahının araşdırmalarına və monitorinqlərinə əsasən, bu vəsaitin böyük hissəsi təyinatı üzrə xərclənməyib.

 





10.04.2014    çap et  çap et