Hava hücumu zamanı hədəf alınan avtomobildə olan komandirin Vasm Bayrakdar olduğu açıqlanıb.
Fevralın 21-də CENTCOM-un “X” platformasında yaydığı bəyanatda deyilir: “ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri Suriyanın şimal-qərbində dəqiq hava hücumu həyata keçirərək, Əl-Qaidə ilə əlaqəli Hürrəsəddin terror təşkilatının yüksək rütbəli lideri Vasim Tahsin Bayrakdarı öldürüb”.
Bəyanatın davamında deyilir: “Bu hava hücumu CENTCOM-un regiondakı tərəfdaşları ilə birlikdə regionda və onun hüdudlarından kənarda ABŞ, müttəfiq və tərəfdaş mülki şəxslər hərbi personala qarşı hücumları planlaşdırmaq, təşkil etmək və həyata keçirmək üçün terrorçuların səylərini pozmaq üzrə davam edən öhdəliyinin bir hissəsidir”.
Bəyanatda CENTCOM komandiri Maykl Korelladan sitat gətirilib: “Ölkəmizi, müttəfiqlərimizi və tərəfdaşlarımızı qorumaq üçün hər hansı bir terror təhlükəsini, harada olmasından asılı olmayaraq, amansızcasına təqib etməyə və məhv etməyə davam edəcəyik”.
Xarici medianın məlumatına görə, ABŞ-ın “terrorçu” kimi qələmə verdiyi təşkilat dekabrda prezident Bəşər Əsəd hökumətinin devrilməsindən sonra ləğv olunduğunu elan edib və ilk dəfə olaraq “Əl-Qaidə”nin Suriyadakı qolu olduğunu rəsmən açıqlayıb.
Heyət Təhrir əl-Şamın rəhbərlik etdiyi müxalif qrupların koalisiyası paytaxt Dəməşqə girməyi bacardıqdan sonra Bəşər Əsəd hökumətini devirdi. Suriyanın yeni hakimiyyət orqanları ölkədəki bütün silahlı qruplaşmaları darmadağın etmək niyyətində olduqlarını bəyan ediblər.
Xarici döyüşçülərin də daxil olduğu Hürrəsəddin təşkilatı Suriyanın şimal-qərb bölgələrində fəaliyyət göstərirdi.