Vaxt.Az

«Əhmədova döyüşə hazırlaşır»


 

Həyat yoldaşı: «Amma kiminlə... bilinmir»

«Əhmədova döyüşə hazırlaşır» Sabah Bakı Apelyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın məhkəməsi olacaq. Ali Məhkəmənin verdiyi qərara əsasən, apelyasiya məhkəməsi hökmdən verilən qərarla bağlı işə qismən yenidən baxacaq. Sabiq deputatın vəkilinin verdiyi vəsatətlər qismən təmin olunduğu üçün sonucun nisbətən onun xeyrinə olacağı gözləntiləri də var. G.Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov «Yeni Müsavat»a müsahibəsində məhkəmə ilə bağlı gözləntilərindən danışdı. Müsahibimiz öncə ənənəvi dediyi fikirlərini bir daha təkrarladı.

- Mən ilk gündən demişəm ki, Gülər Əhmədovanın heç bir günahı yoxdur. Onun günahı sübuta yetirilməyib. İndi qərarı məhkəmə verəcək. Mütləq bəraət hökmü verilməlidir. 

 

- Bugünlərdə «Azadlıq» radiosunda efirə gedən verilişdə hüquqşünaslar da bu mövzunu müzakirə etmişdi. Gəlinən rəy o idi ki, Gülər Əhmədovaya bəraət verilə bilər, çünki ortada zərərçəkən yoxdur. 

- İndi bu, hüquqşünasların gəldiyi nəticədir. Onlar öz fikirlərini hüquqi terminlərlə ifadə ediblər. Deyiblər ki, əgər o videoda pul alınıb-verilməsi səhnəsi yoxdursa, Elşad Abdullayev gəlməyibsə, burda nədən danışmaq olar? Məhkəmədə çəkişmə olmalıdır. Amma burda tərəf yoxdur. Gülər Əhmədova kiminlə çəkişəcək? Gülər Əhmədova, vəkili bir söz deyirsə, onun dediyini nə təsdiq, nə də inkar edən tərəf var. 

 

- Hər halda, indiki mərhələdə də Elşad Abdullayev məhkəmədə iştirak etməyəcək. Belə olan vəziyyətdə məhkəmənin perspektivini necə qiymətləndirirsiniz? Yenə də bundan öncəki instansiyada sizi qane etməyən qərarlar təkrarlanacaq? 

- Mən hüquqşünas deyiləm, o səbəbdən də bəzi hüquqi detalları bilmirəm. Amma onu deyim ki, Gülər Əhmədova təqsirləndirilən şəxsdir. Gülər Əhmədovanın Elşad Abdullayevi Bakıya gətirmək arzusu olsa da, belə bir imkanı, hüququ yoxdur. Onu kim gətirməlidirsə, həmin insanlar məsuliyyət daşımalıdır ki, niyə bu vaxta qədər gətirməyiblər, niyə ölkədən çıxmasına «stop» qoyulmayıb, niyə bu günə qədər ifadə verməyib. Gülər xanım bu günə qədər israrla deyir ki, mən Elşad Abdullayevlə üzləşmək istəyirəm. Sentyabrın 26-da video yayılıb, 27-də cinayət işi qaldırılıb, 28-də deputat mandatından imtina edib. Elə həmin gün mediaya açıqlama verib ki, Elşad Abdullayev, mən sıravi vətəndaşam, gəl, məhkəmə çəkişməsində üzləşək. Siz bundan daha demokratik addım nə gözləyirdiniz? Gülər Əhmədova gedib Elşad Abdullayevi qoltuğuna vurub gətirməli idi Azərbaycana? Gedib Elşad Abdullayevi dindirsinlər də... Ölümündən 40-45 gün əvvəl Sevinc Babayevanın yeri bəlli olub. İstintaq orqanları gedib onu dindirəydilər də. Oğlu gəlib onun yerini demişdi noyabrın 10-da. Noyabrın 12-də bacısı gəlib Bakıya. Onu da dindirməyiblər ki, bəs bacının yanından gəlirsən, nə edir, hardadır? Dindirməyiblər, çünki hesab ediblər ki, Gülər Əhmədova orada kimisə gizlədir. Bu cür qələmə vermək istəyiblər. 

 

- Ali Məhkəmənin Gülər Əhmədovanın xeyrinə qərar verməsini-vəsatətlərin qismən təmin edilməsini onun indiki mərhələdə qələbəsi kimi qələmə verirlər. 

- Burda Gülər Əhmədovanın xeyrinə heç bir addım atılmayıb. Sadəcə olaraq qanuna istinad olunaraq əməl edilib. Keçən məhkəmədə siz də iştirak elədiniz. Orda yazılır ki, Elşad Abdullayevlə telefon zəngləri bir daha sübut edir ki, Gülər Əhmədova burda pul alıb. O zənglər nə istintaqda müzakirə olunub, nə də məhkəmə zamanı Gülər xanıma bu barədə sual verilməyib. Belə olan halda onu necə məhkəmə sübutu kimi qəbul etmək olar? Və ya SMS-lərlə bağlı. Nə SMS yazanlar, nə də alanlar dindirilib. Orda Sevinc Babayevanın 8 mesajı var. Cinayət işinin içində olmasına baxmayaraq, nəzərə alınmır. Amma yazılır ki, bu SMS-lər Gülər Əhmədovanın günahkar olduğunu sübut edir. İstintaq və məhkəmə zamanı ona bu SMS-lərlə bağlı sual verilməyib. Videonun qanunsuz çəkiliş olması da birmənalı şəkildə sübut olunub. Konstitusiya, prezidentin fərmanı pozulub. Gizli çəkiliş məhkəmə qərarı olmadan keçirilib. Məhkəmədə bir cür, istintaqda başqa cür ifadə verən şahidlərin ifadələri sübut kimi qəbul edilib.

O şahidlər də ölmüş insanın adından danışırlar. Məhkəmənin qərarı olmadan onların heç birini sübut növü kimi qəbul eləmək olmaz. Gizli çəkilişin Elşad Abdullayevə məxsus ofisdə keçirilməsi də yalandır. Bizdə sənəd var, həmin ofisdə yerləşən «Era» hüquq firmasının Elşad Abdullayevə heç bir aidiyyəti yoxdur. O firmanın işçilərinin maaş cədvəli yoxdur, firma yalandan yaradılıb, Elşad Abdullayevə də məxsus deyil. Bu, onun şantaj məqsədilə istifadə etdiyi bir otaqdır. Təhlükəsizlik kamerası bir otaqda var, digər otaqlarda isə yoxdur. O sübut edilib ki, ofis də qanunsuzdur, çəkiliş də. Videonun özünün yayımı da qanunsuzdur. Siz - media orqanları da bunu qanunsuz olaraq yaymısız. Ordakı bəzi sözlərə məna geyindirmisiz, amma bir jurnalist istintaqa çağırılıb soruşulmayıb ki, siz bu mənaları hardan çıxarmısız? Orda «1» rəqəmi səslənir, siz jurnalistlər götürüb yazırsız ki, 1 milyon dollardan söhbət gedir. 1-i artırmaq olar e, amma milyon dəfə yox axı. 1-i götürüb 1 milyon dollar eləmək nə deməkdir? Götürüb «1»in qabağına dollar yazırsız. Nə bilirsiz dollardır? Bəlkə at, eşşək, ton, qızıl, kilo... yazasız? Bəlkə 500 ton qızıldan söhbət gedirdi? 500-ü götürüb 500 min dollar edirsiz e. Min dəfə artırıb məna yükləyirsiz? Belə olarmı? 

 

- Məhkəmə öncəsi Gülər Əhmədovanın durumu necədir?

- Türmədə olan insan necə ola bilər? Özü də Gülər kimi aktiv siyasətçi. İndi əsəb gərginliyi var. Amma ümumən pis deyil, döyüşə hazırlaşır. Gülər Əhmədovada belə bir xüsusiyyət var, döyüşə mənən hazırlaşır. Amma kiminlə döyüşəcək, bilinmir.

 

- Yeri gəlmişkən, döyüşə hazırlaşdığınız şəxsin - Elşad Abdullayevin cəbhəsində sakitlikdir. Hər hansı açıqlama, müsahibə, bəyanat yoxdur... 

- Mən nə gedib onu axtaranam, nə gedib onu gətirənəm, nə də onunla maraqlananam. Nə ona zəng etmişəm, nə də ailəmin hər hansı üzvü onunla əlaqə saxlayıb. Bu, prokurorluq orqanlarının işidir ki, onu danışdırsınlar. Mən, sadəcə, Gülər Əhmədovanın tələbini deyirəm ki, o, Elşad Abdullayevin gəlməsini, üzləşdirmə aparılmasını, məhkəmə istintaqının aparılmasını istəyir.

 





10.04.2014    çap et  çap et