Vaxt.Az

«Rusiya işğalçıdır»


 

Avropa Şurasını Ukrayna qətnaməsi qəbul etdi

«Rusiya işğalçıdır» Avropa Şurası Parlament Assambleyasının 9 aprel iclasında «Ukraynada son vəziyyət: demokratik təsisatların fəaliyyəti təhlükədə» məsələsi müzakirə olunub.

 Müzakirələrdə çıxış edən Avropa Şurasının baş katibi Torbyorn Yaqland Ukrayna hadisələrinin bölgədə ciddi problemlər yaradacağından narahatlığını ifadə edib. Baş katib deyib ki, insan haqlarının pozulmasına qətiyyətlə yol vermək olmaz və vəziyyəti yerindəcə araşdırmaq məqsədilə Avropa Məhkəməsinin keçmiş sədrinin rəhbərliyi altında xüsusi komissiya Ukraynaya göndəriləcək.

Deputatların əksəriyyəti Ukraynanın mövqeyini, ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib. AzərTAc xəbər verir ki, hətta Dağlıq Qarabağ münaqişəsi assambleyada müzakirə olarkən ermənipərəst mövqe nümayiş etdirən Fransa nümayəndə heyətinin rəhbəri Rene Ruke bütün dünya ölkələrinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini deyib.

AŞPA Ukraynada formalaşan mövcud hakimiyyəti legitim hesab saydığını bəyan edib. Sonda Ukraynanın ərazi bütövlüyü ilə bağlı qətnamə layihəsi səsə qoyulub. Avropanın 154 deputatı sənədin lehinə, 29 deputatı əleyhinə səs verib, 10 nəfər isə bitərəf qalıb. Qətnamədə Rusiyanın Ukrayna torpağı Krımı işğal və ilhaq etməsi kəskin pislənir, işğalçı qoşunların Ukraynadan çıxması tələb olunur. 

 





10.04.2014    çap et  çap et