İtaliyanın ANSA agentliyinin məlumatına görə, yerli vaxtla saat 20:30-da (Bakı vaxtı ilə 05:30) ABŞ-ın Nyu-York şəhərindən havaya qalxan və Hindistanın paytaxtı Yeni Dehliyə uçan “American Airlines”a məxsus “AA292” tipli “Boeing 787-9” model təyyarəsi, Xəzər dənizi üzərində uçarkən bomba xəbərdarlığı alıb və qəza siqnalı verərək geri dönüb.
Bildirilib ki, təyyarə yerli vaxtla saat 17.22-də (Bakı vaxtı ilə 20.22) Romanın Fiumicino Beynəlxalq Hava Limanına enib.
Xəbərdə təyyarədə 199 sərnişinin olduğu, eniş etməzdən əvvəl İtaliya hava məkanına daxil olan “American Airlines” təyyarəsini İtaliya Hərbi Hava Qüvvələrinə (Aeronautica Militare) aid iki döyüş təyyarəsinin müşayiət etdiyi bildirilib.
“Rainews24” xəbər verir ki, sərnişinlər təyyarədən çıxarıldıqdan sonra bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər təyyarədə bomba olub-olmadığını yoxlayacaqlar.
Xəbərdə təyyarənin Xəzər dənizi üzərində olarkən bomba xəbərdarlığı verməsi və yaxınlıqdakı hava limanı Heydər Əliyev adına Beynəlxalq Hava Limanı) əvəzinə 2,5 saatlıq məsafədə Romaya enməsinin “maraqlı” olduğu və vəziyyətin o qədər də “təcili” olmadığı bildirilib.
Təyyarənin Romaya endirilməsi qərarının Amerika şirkətinin seçimi olduğu qeyd edilib.