O vaxt Zelenski Baydenin qalib gələcəyinə əmin idi (bəlkə də əmin etmişdilər). Buna görə də belə arxayın hərəkət edirdi. Həmin vaxt o, “The New Yorker” qəzetinə müsahibəsində Trampın prezident seçilərsə, Ukrayna müharibəsini dayandıracağı vədi barədə demişdi: “Sabahdan hərbi münaqişəni dayandıra biləcəyinə əmin olan çox liderlər olub, lakin onlar münaqişəyə dərindən bələd olduqca anlayıblar ki, bu elə də asan deyil”.
Səfər müddətində Zelenski Trampla görüşməyi planlaşdırmışdı. Tramp əvvəl Zelenski ilə görüşməkdən imtina etdi, sonra onunla görüşə qısa vaxt ayırdı.
Bu səfəri zamanı Bayden Ukraynaya 60 milyard dollar əlavə yardım ayırdığı barədə bəyanat verdi.
O vaxt Trampdan Zelenski barədə soruşulanda belə demişdi: “Düşünürəm ki, Zelenski tarixin ən yaxşı satıcısıdır. O hər dəfə ölkəmizə gələndə buradan 60 milyardla qayıdır” (“I think Zelensky is the greatest salesman in history. Every time he comes into the country, he walks away with 60 billion dollars”).
Həmin hadisədən 5 ay keçdi.
İndi ABŞ prezidenti Trampdır. Tramp hələ ki Zelenskini ABŞ-a dəvət etməyib. Lakin Zelenskini 500 milyard dollarlıq müstəmləkə müqaviləsini imzalamağa məcbur etməklə sübut etmək istəyir ki, mən tarixin ən yaxşı satıcısını belə bankrot edə bilərəm.