USAİD əməkdaşlarına göndərilən bəyanatda, prezident Donald Tramp və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) xarici yardımı dayandırmaq qərarının davamı olaraq onların işlərinə xitam verildiyi bildirilib.
“23 fevral 2025-ci il, bazar günü saat 23:59-dan etibarən, kritik missiyalar, əsas rəhbərlik və xüsusi təyin olunmuş proqramlara cavabdeh olan işçilər istisna olmaqla, USAİD-in dünyadakı bütün işçiləri inzibati məzuniyyətə buraxılacaqlar”, – agentlik əməkdaşlarına göndərilən yazılı bildirişdə deyilir.
Hadisələrin inkişafı ABŞ-da federal hakimin Tramp administrasiyasına ölkədə və xaricdə işləyən minlərlə USAİD əməkdaşını işdən çıxarmağa icazə verməsindən sonra baş verib.
***
ABŞ prezidenti Donald Tramp yanvarın 20-də vəzifəsinin icrasına başladıqdan dərhal sonra xarici yardım haqqında fərman imzalayıb.
Sərəncamda ABŞ-ın xarici inkişafa yardım proqramlarına cavabdeh olan bütün nazirlik və agentliklərin xarici ölkələrə ödənişlərini kəsəcəyi və proqramın ölkənin xarici siyasətinə uyğunluğunun qiymətləndirilməsi üçün 90 günlük araşdırma müddətinin başlandığı qeyd edilib.
ABŞ Dövlət Departamenti də yanvarın 27-də özü və USAİD tərəfindən maliyyələşdirilən bütün xarici yardımların dayandırıldığını açıqlayıb.
DOGE-nin rəhbəri İlon Mask, USAİD menecerləri ilə bağlı problemlərə görə işçilərin “inzibati məzuniyyətə” verildiyini açıqladı. Agentliyin sosial media hesabları da bağlanıb.
Daha sonra Vaşinqton Rayon Məhkəməsinin hakimi Əmir Əli USAID tərəfindən maliyyələşdirilən bütün xarici yardım proqramlarının maliyyələşdirilməsinin müvəqqəti bərpasına göstəriş verib.