Bunu ANS PRESS-ə açıqlamasında Yasamal rayon icra hakimiyyəti başçısının müavini Səməd İslamov deyib. O, bildirib ki, «Sovetski» kimi tanınan qəsəbədə söküntü işləri ilə əlaqədar olaraq inventarlaşdırma və ölçü işləri hazırda davam etdirilir. Onun sözlərinə görə, bu gün artıq 2800 mənzildə ölçü-inventarlaşdıma işləri aparılıb:
«Vətəndaşların müraciətinin sayı çoxdur. Ölkə başçısının göstərişinə müvafiq olaraq bugünkü gün öz mənzil xidmətini həmin ərazidə yaxşılaşdırmaq istəyən insanların sayı çoxdur. Ona görə də biz öz Komissiyamızın iclaslarını həftədə 3 dəfədən az etmirik. Hər dəfə təxminən 100-ə yaxın insan müraciət edir. 50-60-dan çox mənzil sahibi ilə biz mənzil protokolu imzalamaq hüququ əldə edirik. Bu günə qədər 490 razılaşdırma protokolu imzalanıb».
Səməd İslamov qeyd edib ki, 340 nəfərin maliyyə hesablarına mənzilləri üçün ödənilən məbləğ yüklənib: «Digərləri isə onlara ödənilən vəsaiti yaxın günlərdə əldə edəcəklər. İndiyə qədər 40-a yaxın ev sökülüb. Mənzillər üçün ödənilən məbləğ maliyyə hesablarına oturan şəxslərinin evlərinin söküntüsünə yaxın vaxtlarda başlanılacaq».
Xatırladaq ki, martın 3-də keçirilən görüşdə baş nazirin müavini A.Şərifov hökumətin 1 kv. m üçün 1500 manat təklifinin qüvvədə qaldığını, əlavə olaraq köçməyə razılaşan ailələrə 1400 manat (iki aylıq 1000 manat kirayə haqqı və ev əşyalarının daşınması üçün 400 manat) veriləcəyini bildirib.