Sizcə, bu qutuların ümidsiz bir körpəyə, evində illərlə xəstə uşaq böyüdən tənha, kimsəsiz bir anaya köməyi varmı?... Varsa qurban olum dinimizə və din xadimlərimizə...
Düzü məni bu qutuya yığılan pulların hara xərcləndiyi nə maraqlandırmır, nə də bunu araşdırmağa vaxta heyfim gəlir.
Əgər belə nəzir qutuların arxasında duranın başında əmmamə, əlində təsbeh, danışanda tez-tez Quran ayələrindən və hədislərdən sitat gətirən kəslər durursa, heç bunu araşdırmağa dəyməz..
Avropadasa gavur dediklərimiz də belə qutulardan istifadə edirlər, ancaq necə?
Şərqi Avropada supermarketlərdə belə qutular var və üzərində qeyd edilir ki, bura yığılan pullar ürək, xərçəng və digər xəstəlikdən əziyyət çəkən uşaqlar üçün yığılır. Bütün yığılan pullar uşaq sağlamlıq fonduna keçirilir. Yəqin bilirsiniz ki, dünyanın heç bir ölkəsində xəstə uşaqlardan sığorta tələb edilmir.
Qərbi Avropada isə böyük şəhərlərdə kilsələrə ibadətə gələnlər olmasalar belə, yemək-içmək sarıdan korluq çəkən, dinindən, irqindən asılı olmayaraq evsiz-eşiksiz, pulsuz-parasız bir qərib gündə iki dəfə isti yemək yeyə bilər, özünə yer tapınca həmin kilsədə gecələyə də bilər.
Kimsəsiz qəriblər kilsələrin hesabına pulsuz müalicə və dərmanla təmin olunması bütün Qərbi Avropada mövcuddur.
Bunlar heç, bunlar gavurlardı...
Bəs biz təmiz, halal, vicdanlı müsəlmanlarda vəziyyət necədir?...
Görəsən ibadətdə hacılarla, məşədilərlə, kəbleylərlə aşıb-daşan Azərbaycan müsəlman qardaşlarımızın cəm olduqları məscidində vəziyyət necədir?
Cavab versən vicdanla ver, yada yaxşısı budur ki, sus çıx get işinin-gücünün dalınca...