Vatikandan verilən məlumata görə, dünən gecə ikiqat pnevmoniya diaqnozu qoyulan Papanın vəziyyəti ikinci gündür ki, kritik olaraq qalır və böyrək funksiyasında ilkin olaraq yüngül pozğunluq keçirib. “Müqəddəs Atanın vəziyyəti ağır olaraq qalır, lakin dünən gecədən bəri heç bir tənəffüs çətinliyi hiss etməyib”, – deyə məlumatda bildirilir.
Açıqlamada Roma Papası Fransiskin oyaq və şüurlu olduğu və oksigen balonu vasitəsilə yüksək axınlı “oksigen terapiyası” aldığı bildirilib. Papanın uzun müddət davam edən astmaya bənzər tənəffüs tutmasından bir gün əvvəl qan köçürməsinə ehtiyacı var idi. Papa fevralın 14-də Romadakı Gemelli xəstəxanasına köçürülüb. Vatikan bir gün əvvəl ilk dəfə onun vəziyyətinin kritik olduğunu açıqladı.
İkiqat pnevmoniya ağciyərlərdə iltihab və fibroza səbəb ola bilən, nəfəs almağı çətinləşdirən ciddi bir infeksiyadır. Vatikan Papa Fransiskin məruz qaldığı infeksiyanı ağır adlandıraraq, bunun iki və ya daha çox mikroorqanizm tərəfindən törədildiyini bildirib.
Xarici medianın məlumata görə, 2013-cü ildən bu yana vəzifədə olan Papa Fransisk son iki ildə müxtəlif sağlamlıq problemləri yaşayıb və gəncliyində plevrit xəstəliyindən əziyyət çəkdiyi və ağciyərlərindən birinin bir hissəsinin çıxarılması səbəbindən ağciyər infeksiyalarına qarşı xüsusilə həssasdır.