Rusiya-Ukrayna müharibəsindən dolayı D.Tarmpın yeritdiyi siyasət Türkiyəyə olan marağı, daha doğrusu ehtiyacı kəskin şəkildə artırdı. ABŞ, Avropa İttifaqı, Yaxın Şərq, Rusiya, Çin, hətta müstəmləkəçilərin ağlar günə qoyduğu Afrika ölkələri belə Türkiyəni öz yanında görmək istəyir. Xüsusən Amerika tərəfindən atılmış Avropa İttifaqı Türkiyəyə getdikcə daha çox xilaskar kimi baxır. Mübaliğəsiz demək olar ki, Qərb Ukraynaya göstərdiyi dəstəyi Türkiyəyə göstərsəydi Rusiya çoxdan darmadağın olmuşdu...
Ümumiyyətlə, Rusiyanı dağıda biləcək ölkə Ukrayna yox, Türkiyədir. Qərb mütləq Rusiyanı dağıtmaq istəyirsə, Turan dövlətinin yaranmasına açıq şəkildə dəstək verməlidir. Turanın yaranması təkcə Rusiyanı yox, Çini də silkələyərdi. Hər iki ölkəni daha təmkinli siyasət yürütməyə vadar edərdi...
Heç şübhəsiz ki, Türkiyənin getdikcə kəskin şəkildə güclənməsi, geosiyasi oyunlarda vaz keçilməz oyunçuya çevrilməsini ermənilər də görür. Onlar yaxşı başa düşürlər ki, Azərbaycan bütün parametrlər baxımından Ermənistandan güclüdür. Və Azərbaycanın arxasında onun özündən də dəfələrlə güclü olan Türkiyə dayanıb. Ən azı bu səbəbdən Ermənistanın Zəngəzur dəhlizi məsələsində Azərbaycanın tələbini yerinə yetirməkdən başqa çarəsi yoxdur. Cənubi Qafqazda ermənilərin və Ermənistanın mövcudluğuna qarantiyanı yalnız və yalnız Azərbaycan və Türkiyə verə bilər. Bunun üçün isə Ermənistan hər iki türk dövləti ilə xoş münasibətdə olmalıdır. Ukraynaya son münasibət Qərbin nə qədər sürüşkən mövqedə olduğunu bir daha ortaya qoydu. Bir daha sübut olundu ki, Ermənistanın Qərbə, xüsusən ABŞ və Fransaya arxayın olub Azərbaycana və Türkiyəyə dirsək göstərməsi Ermənistanın dövlət kimi mövcudluğuna son qoya bilər...