Samir Əliyevə “Tiqana” ləqəbini məşhur futbolçu Jan Tiqanaya bənzədiyi üçün vermişdilər. Hətta mühasirəyə düşmüş əsgərləri mühasirədən çıxarmışdı.
Öz istəyi ilə ərizə yazıb məktəbdən çıxmış, döyüşlərə getmişdi. Samir şəhid olacağını hiss etmişdi. O, hər kəsə həmkəndlisi, dostu olan Qarabağ müharibəsi şəhidi Mirələmin ili günü şəhid olacağını demişdi.
Kimisinə patron, kimisinə su verir, yaralıların meydandan çıxarılmasına kömək edirdi.
Tez-tez kəşfiyyata da gedirdi. Bir dəfə Gəncə polkunun komandiri Teymurovun qrupu ilə düşmən arxasına getdi. Samir düşmənlə toqquşma zamanı xeyli yaralını döyüş zonasından çıxara bilmişdi.
Əksər silah növləri ilə rəftar etməyi yaxşı bacarırdı. Hərbçi olmaq istəyirdi.
1993-cü ilin avqust ayının 15-də Xocavənd rayonunun Banazur kəndi ətrafında gedən qanlı döyüşdə yaralanan Tiqana özü yaralı ola-ola döyüş bölgəsindən 60 yaralı, 40 meyit çıxarıb. Sonuncu meyiti çıxaranda Tiqana düşmən gülləsindən ölümcül yaralanmışdı.
Ermənilər onu götürməyə imkan verməmişdilər, amma çətinliklə də olsa, əsgərlər onu güllələrin altından çıxarmağa müvəffəq olmuşdular. Tiqana xəstəxanada həkimə deyirmiş ki, “qoyma ölüm, mən müharibəyə getmək istəyirəm”
Özündən xeyli böyüklərlə birgə silaha sarılan Tiqana düşmənə qarşı cəsarətlə vuruşdu, son qanına qədər... və şəhid oldu. Yeniyetmə yaşında canını Vətənə fəda etdi.
Döyüşçü yoldaşları deyirlər ki, düşmən gülləsi onun düz sinəsindən dəymişdi. Qədim törəyə uyğun, sinəsindən aldığı zərbə ilə şəhid oldu. Necə ki, tariximizin bütün dövrlərində əsl qəhrəmanlar şəhid olmuşdular.
Ölümündən bir həftə sonra isə doğma rayonu, Cəbrayıl işğal olundu.
Bölük komandiri Əli Məcidov onun barəsində qəzetə verdiyi müsahibədə deyir: “Ən çətin manevrlərdə qorxu hissinin nə olduğunu bilməyən , peşəkar döyüşçülərin belə cəsarət etmədiyi əməliyyatlara hamıdan öndə gedən Tiqananın ölümqabağı dediyi sözlər ürəyimi parçaladı: “Məni ölməyə qoymayın”
Atası deyir, snayper gülləsi Tiqananın düz sinəsindən dəymişdi:
“Sevindim ki, yaşı az olsa da, öləndə də kişi kimi öldü. Qaçıb gizlənmədi, dostlarına kömək elədi. Son nəfəsində onların cəsədini çıxara bildi”.
Ruhu şad olsun.