O bildirib ki, «Şahdəniz» qazını Azərbaycan üzərindən Türkiyəyə, oradan Avropaya daşıyacaq TANAP kəmərinin inşasına bu il ərzində başlamaq planlaşdırılmışdı.
«Ancaq planlaşdırılan inşaat, kəmərin keçəcəyi ərazilərin alınması və layihədə tərəflərin payı məsələsində çıxan anlaşılmazlıqlar üzündən təxirə salınıb» - deyə Saltuk Düzyol bildirib.
Saltuk Düzyol TANAP-ın inşasına 2015-ci ildə başlamağın planlaşdırıldığını deyib.
Xatırladaq ki, TANAP kəmərinin inşasına bu il ərzində başlamaq nəzərdə tutulmuşdu və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan aprelin 4-də Bakıya səfəri zamanı inşaat işlərinin ilin sonuna qədər başlayacağını bildirmişdi.
Lakin indi Türkiyə tərəfi elan edir ki, kəmərin inşası təxirə salınıb və səbəb iki ölkə arasında layihədə pay bölgüsünə dair anlaşılmazlıqların ortaya çıxması, habelə kəmərin çəkilməsi üçün torpaq sahələrinin alınmasında problem yaranmasıdır.
Bəs pay bölgüsündə hansı anlaşılmazlıqlar meydana çıxa bilər?
TANAP kəmərinə dair Türkiyə ilə Azərbaycan arasında razılaşma imzalananda Türkiyə (BOTAŞ və TPAO şirkətləri) layihədə 20 faizlik, Azərbaycan isə 80 faizlik paya malik idi. Ancaq SOCAR layihədəki payının bir hissəsini «Şahdəniz» layihəsi üzrə tərəfdaşlara təklif etdi.
İlkin razılaşmaya görə, SOCAR-a məxsus olan səhmlərin 12 faizi BP-yə, 12 faizi «Statoil»a, 5 faizi isə «Total»a satılmalıydı.
Lakin ötən ilin dekabrında «Şahdəniz-II» müqaviləsi imzalananda «Statoil» və «Total» elan etdilər ki, TANAP layihəsində pay almaq istəmirlər. Nəticədə bu şirkətlərə təklif olunan payın ya Türkiyəyə, ya BP-yə satılması məsələsi gündəmə gəldi.
Ardınca Türkiyə tərəfi elan etdi ki, BOTAŞ və TPAO şirkətlərinin layihədəki payının 30 faizə qədər artırılmasına razıdır. ARDNŞ prezidenti Rövnəq Abdullayev də BOTAŞ və TPAO şirkətlərinin TANAP-dakı paylarının artırılması üçün müraciət ediklərini, məsələnin müzakirə mərhələsində olduğunu bildirmişdi.
SOCAR isə TANAP kəməri layihəsinin operatoru olmaq və nəzarət səhm paketini (51 faiz) əldə saxlamaq mövqeyində qətidir.
Ancaq dörd aydan çoxdur ki, Türkiyə şirkətlərinin TANAP-dakı payının artırılması məsələsinə dair kommersiya danışıqlarında nəticə əldə olunmayıb. İndi isə Türkiyə tərəfi pay bölgüsü məsələsində anlaşılmazlıqların olduğunu bildirir.
Bəs görəsən, bu bəyanatın arxasında siyasi amillər dayana bilərmi və TANAP-ın tikintisinin təxirə salınması ilə bağlı deyilənlər nə dərəcədə doğrudur?
Virtualaz.org saytı məsələ ilə bağlı enerji məsələləri üzrə ekspert İlham Şabana müraciət edib.
Ekspert bildirib ki, TANAP-ın tikintisinin təxirə salındığına dair Türkiyə tərəfindən yayılan məlumatlar doğru deyil: «Əslində TANAP kəmərinin və onun davamı olacaq TAP kəmərinin tikintisinin 2014-cü ildə yox, 2015-ci ildə başlaması nəzərdə tutulub. Bu, qrafikdə də aydın göstərilib. 2014-cü ildə heç bir tikinti işlərinin başlanması nəzərdə tutulmamışdı. Bu il ərzində ancaq kəmərin keçəcəyi ərazilərdə torpaqların mülkiyyətçilərdən alınması məsələləri həll edilməlidir. Qrafikə görə, tikinti işləri 2015-ci ildə başlamalı, 2017-ci ildə yekunlaşmalıdır. 2018-ci ildə kəmərin sınaqdan keçirilməsi nəzərdə tutulub».
İlham Şaban deyir ki, Türkiyədə TANAP kəmərinin keçəcəyi ərazilərdə torpaqların mülkiyyətçilərdən alınması məsələsində problemlər yarana bilər. Vaxtilə Bakı-Tiflis-Ceyhanın (BTC) tikintisi zamanı belə problemlər meydana çıxmışdı.
«Hansısa mülkiyyətçi deyə bilər ki, torpağını satmır, vəssalam. Bu zaman kimsə onun torpağını zorla əlindən alası deyil ki?! Türkiyədə mülkiyyət hüququ var, məhkəmə var» - deyə ekspert bildirir.
Bəs Türkiyə ilə Azərbaycan arasında TANAP-da pay bölgüsü məsələsində yaranan anlaşılmazlıqlar nədən ibarət ola bilərdi?
İlham Şabanın sözlərinə görə, tərəflər arasında gedən kommersiya danışıqlarının detalları məlum olmadığından bu barədə nəsə demək çətindir.
«Türkiyənin layihədə daha 10 faiz pay almağa hazır olduğu, ARDNŞ-in isə bu hissələri Türkiyə şirkətlərinə satmağa razılıq verdiyi məlumdur. Ancaq hər iki tərəfin razı olması ilə məsələ bitmir. Tərəflər oturub anlaşmanın kommersiya şərtlərini razılaşdırmalı, türklərin dediyi kimi, bazarlaşmalıdır. Görünür, hələ bazarlaşma əldə olunmayıb ki, məsələ rəsmiləşməyib. Əldə olunsaydı, Ərdoğanın Bakıya səfəri müvafiq sənədi imzalamaq üçün yaxşı fürsət olardı» - deyə İlham Şaban bildirib.
Ekspert TANAP-ın tikintisinin təxirə salındığı və pay bölgüsündə anlaşılmazlıqla bağlı Türkiyə tərəfindən səslənən bəyanatların arxasında siyasi amillərin dayandığını ehtimal etmir.