Vaxt.Az

“ABŞ güzəştə getdi ...”


 

Ukraynalı rəsmi: “Zelenski razılaşmaya hazırdır”

“ABŞ güzəştə getdi ...” Ukrayna və ABŞ administrasiyaları arasında son günlərin ən böyük böhranlarından biri olan nadir metallar sazişində ciddi dönüş baş verib.

Ukrayna baş nazirinin müavini Olqa Stefanişina Kiyev və Vaşinqton administrasiyalarının ABŞ-ın Ukraynanın faydalı qazıntılarına çıxışı üçün saziş imzalamağa yaxın olduğunu deməsindən sonra yüksək rütbəli bir ukraynalı məmur “Agence France-Presse” (AFP) xəbər agentliyinə deyib ki, Kiyev ABŞ-ın 500 milyard dollarlıq borc qarşılığında ehtiyatlardan gələcək potensial gəlirdən 50 faizlik pay iddiasından imtina etdikdən sonra neft və qaz da daxil olmaqla mineral ehtiyatların birgə işlənməsi haqqında saziş imzalamağa hazırdır. “Hazırda hökumət rəsmiləri təfərrüatlar üzərində işləyir. Biz sazişi imzalamaq üçün cümə günü Vaşinqtona səfər etməyi planlaşdırırıq”, – deyə Ukrayna rəsmisi bildirib.

Zelenskinin “qəbuledilməz” kimi təsvir etdiyi şərtləri aradan qaldıran yekun sənəd layihəsində ABŞ-ın gələcəkdə Ukraynanın iqtisadi inkişafına dəstək verməyə davam edəcəyi vurğulanır. Ukrayna rəsmisi əlavə edib ki, saziş sadəcə “çərçivə sazişi” olub və fond yaradılmayana qədər heç bir gəlir verilməyəcək, beləliklə, potensial fikir ayrılıqlarını həll etmək üçün vaxt udacaq. Bu arada, Zelenski razılaşma üçün Ukrayna parlamentindən razılıq almalıdır.

***

Bu arada, Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin səlahiyyət müddətinin 2024-cü ilin martında bitəcəyini və onun “diktator”a çevrildiyini dəfələrlə bəyan etdikdən sonra Ukrayna parlamenti Rada dünən Zelenskinin ölkənin qanuni lideri elan edilməsinə səs verib. 450 üzvlü Ukrayna parlamentində 268 deputatın “Zelenski ölkənin lideri olaraq qalır” qanun layihəsinin lehinə səs verməsi ilə Zelenskinin əli Putin və Trampa qarşı güclənib.

 





26.02.2025    çap et  çap et