Xocalı soyqırımı Qarabağ münaqişəsinin əsas komponentlərindən biri və hadisələrin qanlı mərhələyə keçməsində dönüş nöqtəsi olub. Bu qətliam heç bir halda münaqişənin həllinə yekun vuran sənəddən kənarda saxlanıla bilməz.
Ermənistanın baş naziri II Qarabağ müharibəsindən əvvəl təkcə “Qarabağ Ermənistandır və nöqtə” deməmişdi, o həm də “Xocalı qətliamını Azərbaycan törədib” demişdi. Müharibədən sonra Paşinyan “Qarabağ Azərbaycandır” desə də, onun heç bir çıxışında soyqırımı ilə bağlı bir kəlmə də olsun söz yoxdur. Bu da o deməkdir ki, Paşinyanın Xocalı ilə bağlı əvvəlki mövqeyi qüvvədədir.
Paşinyan hökumətinin baş nazir və xarici işlər naziri səviyyəsində Bakıda mühakimə olunan Xocalı soyqırımında iştirak edənləri müdafiəyə qalxması revanşizm aktıdır. Bu onun göstəricisidir ki, Paşinyan dinc azərbaycanlı əhalinin qətliamına bəraət qazandırır. Belə bir şəxsin, siyasi qüvvənin imzalayacağı sülh müqaviləsi heç vaxt ədalətli və davamlı ola bilməz. Bu “sülh” taktiki məqsədlərə xidmət edə bilər.
Xocalı soyqırımı qondarma erməni soyqırımından fərqli olaraq geosiyasi məqsədlərlə gündəliyə gəlməyib. Bu qətliamın şahidləri hələ də həyatdadırlar. İcraçıların başında duranlardan Sərkisiyanın etirafları var və deyib ki, “Xocalı qırğını erməni qəddarlığının nümayişi üçün törədilmiş qətliam olub”.
Xocalı soyqırımı həll edilməmiş problemdir. Problem həll edilmədən dayanıqlı sülh mümkün olmayacaq. Azərbaycan hakimiyyəti Qərbin təzyiqləriylə tələsik sülh imzalaya bilər, amma gələcək nəsillər bu qətliamın məsuliyyəti məsələsini qaldıracaq. Onda da ilk xalq arasında yenidən gərginliklər yaranacaq.
Odur ki, Ermənistanın indiki rəhbərliyi qarşısında bu məsələ qaldırılmalıdır. Onlara deyilməlidir ki, əgər dayanıqlı və uzunmüddətli sülh əldə etməklə bağlı dediklərinizdə səmimisinizsə, Xocalı ilə bağlı ortaya mövqe qoyun. Sülh Ermənistana baha satılmalıdır ki, bu dövlət bir daha işğalçılığa meyl etməsin.