Vaxt.Az

Nyu-Yorkda mafiya idarəçiliyi


 

“Gənc türklər” savaşmağın yox, pul qazanmağın tərəfdarı idi

Nyu-Yorkda mafiya idarəçiliyi “Gənc türklər” ABŞ-dakı İtaliya mafiyasının “islahatçı” qrupunu bəzən belə adlandırırdılar. 26 fevral 1930, Lukkeze mafiya ailəsinin banisi Qaetano Reyna öldürülür. Bununla da ABŞ-da mafiyadaxili Kastellamar savaşı başlayır.

1920-ci illərdə Amerikada mafiyanın başçısı Co Masseriya sayılırdı. Onun dəstəsinə Siciliyadan, Kalabriyadan, Neapoldan çıxan italiyalılar daxil idi. Siciliyadakı nüfuzlu mafiya başçısı Vitto Ferro Amerikanı da öz təsiri altına almaq üçün Salvatore Maransanonu yeni dünyaya göndərdi. Tərəflər arasındakı ziddiyyətlər Masseriyanın əmri ilə Reynanın öldürülməsindən sonra savaşa çevrildi.

İlk baxışda savaş Masseriya və Maransano arasında gedirdi. Amma daxildə daha mürəkkəb proseslər cərəyan edirdi. Bu mafiyada nəsil dəyişməsi ilə bağlı idi.

Əvvəlki nəsil mafiozolar İtaliyada anadan olmuş, orada formalaşmış və sonradan Amerikaya köçmüşdülər. Onlar yeni mühitə düşən, amma iliyinə qədər italiyalı qalan adamlar idilər.

Yeni nəsil mafiozolar isə ya Amerikada doğulmuş, ya da uşaq vaxtı köçərək Amerikada formalaşmışdılar. Onlar daha kosmopolit və köhnə mafiyanın çərçivələrindən kənara çıxmağa meyilli idilər. Qeyri-italiyalı cinayətkarlarla əməkdaşlığa hazır idilər. Bu nəslin ən parlaq nümayəndəsi olan Çarli Laki Luçano uşaqlıqdan Meyer Lanski və Baqsi Siqel kimi yəhudilərlə dostluq edir, birlikdə cinayətlər törədirdi.

Bəzən “gənc türklər” deyilən həmin qrup həm də liderlik uğrunda savaşa mənfi yanaşırdı. Hesab edirdilər ki, Amerikada hamıya çatacaq qədər pul var, buna görə də savaşmaq yox, pul qazanmaq lazımdır, xüsusən də nə qədər ki, alkoqol qadağası qüvvədədir.

Savaş Maransano tərəfdarlarının üstünlüyü ilə keçirdi. Masseriya get-gedə uduzurdu. Masseriyanın kapitanlarından olan Luçano savaşa son qoymaq məqsədilə Maransano ilə əlaqə saxladı. Maransano ona Masseriyanı öldürməyi təklif etdi.

1931-ci il aprelin 15-də Luçano və Masseriya “Nuova Villa Tammaro” restoranında nahar edirdilər. Saat təxminən 15:00-da Luçano ayağa qalxıb tualetə getdi. Bu zaman içəriyə 4 nəfər daxil oldu və Masseriyanı güllələdilər. Kastellamar savaşı bununla bitdi.

Salvatore Maransano Nyu Yorku beş mafiya ailəsi arasında böldü və özünü onların ali lideri – “capo di tutti capi” (bosların bossu) elan etdi.

Luçanoya etibar etməyən Maransano sentyabrda onu öldürmək qərarına gəldi. Amma planını bölüşdüyü adamlardan biri bunu Luçanoya xəbər verdi. Laki birinci tərpəndi. O, dörd yəhudi dostunu (italiyalıları qarşı tərəf tanıyırdı) Maransanonun ofisinə göndərdi. Özlərini polis kimi qələmə verən qrup mühafizəçiləri tərkisilah etdi. Onlardan ikisi kabinetə keçərək bosların bossunu öldürdü.

Luçano “capo di tutti capi” postunu ləğv etdi. O, ziddiyyətlərin həlli, problemlərin müzakirəsi, qaydaların təsisi və tətbiqi, ümumi strategiyanın işlənməsi üçün Komissiya adlı ali orqan yaratdı. 1931-ci ildə Komissiyaya Nyu-Yorkun beş ailəsi, Çikaqo və Buffalo ailələri daxil edildilər. Sonralar tərkibdə dəyişikliklər baş verdi, amma Nyu-Yorkun beş ailəsi və Çikaqo ailəsi daim Komissiyada oldular.

 





26.02.2025    çap et  çap et