Qeyd edək ki, aprelin 1-də keçirilən məhkəmə prosesində sabiq deputatın kasasiya şikayəti qismən təmin olunmuşdu. Qərara əsasən, Apelyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq ekspertlər və şahidlər yenidən dindiriləcək.
Vəkil Əfsər Talıbov virtualaz.org-a açıqlamasında bildirdi ki, G.Əhmədovanın əməlində heç bir cinayət tərkibi yoxdur. Vəkil sabiq deputatın azadlığa buraxılma ehtimalından danışarkən isə söylədi ki, buna sabah məhkəmə qərar verəcək.
Xatırladaq ki, 2013-cü il, dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Milli Məclisin sadiq üzvü G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qərara əsasən, sabiq deputat cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina etmişdi, fevralın 13-də isə onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.
G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirli bilinib.