Onun sözlərinə görə, vicdan əzabı çəkmədən yalan istehsalı üzrə püxtələşən AXCP muzdlularından biri yazır ki, guya 12 sentyabr 1998-ci il mitinqində liderlərdən yalnız Əli Kərimli iştirak edib: «O vaxt SİDSUH-un icraçı direktoru kimi mitinqdə əvvəldən axıra kimi ən qaynar nöqtələrdə iştirak etmişəm və hər şey yaxşı yadımdadır. Mitinq başlayanda Xəqani 33 ünvanda (AXCP-nin köhnə qərargahı) ilk toqquşmadan sonra ora yığışan etirazçılar başsız qalmışdılar.
Orada indi mühacirətdə olan Sarvan bəy xəsarət aldı, başından qan axırdı. AXCP rəhbərliyi tam tərkibdə «Azadlıq» qəzetinin redaksiyasındakı otaqlara çəkilmişdilər və heç kəs çölə çıxmırdı. Pənah bəylə birlikdə ora yığışıb çaşqın qalan kütləni dəmir yol vağzalına tərəf yönəltdik, çünki o vaxt çox fəal olan ADP-çilər oradan Azadlıq meydanına yürüş etməli idilər.
Lakin heç iki tini keçməmiş mülki geyimli polislər qarşımızı kəsib bizi yumruqlamağa başladılar. İnsanların pərən-pərən düşdüyünü görüb «Dağılışmayın, irəli» deyə qışqırdım. Bu vaxt sonradan 2000-ci ildə həbs olunduqda tanıdığım 22-ci polis bölməsinin o vaxtkı rəisi N. Məşədiyev, yenə sonradan həmin işlə bağlı keçirilən məhkəmədə tanıdığım mayor Sabir Hüseynov (sabiq müsavatçı Qabil Hüseynlinin qardaşı) sifətimə zərbələr endirirdilər. Orada Pənah bəyi, Tofiq Yaqublunu və daha bir neçə nəfəri tutub apardılar.
Fazil Mustafa ilə birlikdə rəhmətlik Elçibəyin redaksiyadakı otağına getdik. Mən yaranmış vəziyyəti danışdım. Asim Mollazadə və başqaları dedilər ki, təxribatların qarşısını almaq üçün camaatı dağıtmaq lazımdı. Müsavatın qərargahının mühasirəsinə rəhbərlik edən Yasamal polis rəisinin müavini Çingiz Məmmədovdan xahiş etdim ki, imkan yaratsın liderlərdən kimsə mitinqçilərə dağılışmaq üçün müraciət etsin. Dedi ki, ona göstəriş veriblər ki, İsa bəy bu binadan çölə çıxa bilməz. Dedim, İsa bəy yox, cəbhə rəhbərliyi müraciət edəcək.
Çingiz Məmmədov xidməti telefonla əməliyyata ümumi rəhbərliyi həyata keçirən Yaşar Əliyevə məlumat verdi, o da bizi yanına çağırdı. Polisin əməliyyat üçün istifadə etdiyi köhnə «Jiquli»yə oturub Sahil bağına tərəf gedəndə mitinqçilər bizi saxladılar. Çingiz Məmmədovun mülki geyimdə olmasına baxmayaraq mitinqçilər onu tanımışdılar və elə bilmişdilər ki, mən tutulmuşam.
Maşını saxlayanların arasında indi «Yeni Musavat»da işləyən Etibar Seyidağanı tanıdım və dedim ki, danışığa gedirəm, yolu açsınlar. Yolu açdılar və YAP- ın qərargahı qarşısında Yaşar Əliyevlə görüşdük. Çatan kimi dedi ki, mən adamları buraxdım, amma sizinkilər gör neyləyiblər. Məndən mitinqçilərə dağılışmaq üçün müraciət etməyimi istədi.
Dedim bu barədə siyasi qərar var, amma müraciəti AXCP rəhbərliyi edəcək. Əli Kərimli ilə birlikdə Axundov kitabxanasının qarşısına gəldik. Sabir Rüstəmxanlı da orada idi. Əli Kərimli qısa çıxış elədi və əvvəlcədən razılaşdırıldığı kimi mitinqçiləri dağılışmağa çağırdı. Kimlərsə yenə çıxış edib bu hadisəni mitinqə çevirmək istədikdə polislər ora yığışan insanları dağıtdılar. Vəssalam. 12 sentyabr hadisələrini mən belə görmüşəm. Ola bilsin ki, hansısa detallarda mən yanılıram, amma bu ancaq vicdanlı yanılma ola bilər».
Əli Kərimlinin 12 sentyabr mitinqində üzdə olan yeganə lider olmasına gəlincə V. Hacıbəyli qeyd edir ki, bu, əsla belə deyil: «Onun rolu barədə mən müfəssəl məlumat verdim. Söhbət liderlikdən gedirsə, SİDSUH-da formal liderlər məlum idi (Elçibəy, İsa Qəmbər, İlyas İsmayılov, Lalə Şövkət, Rəsul Quliyev). Həmin 5 nəfərdən yalnız İlyas müəllim küçə yürüşündə iştirak etmişdi, çünki Elçibəylə İsa Qəmbərdən fərqli olaraq ona qərargahdan çıxmağa imkan vermişdilər.
Əgər həmin qurumun içi mən qarışıq qeyri-formal liderlərindən söhbət gedirsə, 12 sentyabrın şəriksiz qəhrəmanı, bir gündə iki dəfə tutulan, başından qan axa-axa əllərini yuxarı qaldırıb «azadlıq» hayqıraraq təkbaşına polisin üzərinə gedən Pənah bəydir».