Vaxt.Az

Yaponiyada körpə kabusu


 

Ölkədə yeni doğulanların sayı 9-cu ildir ardıcıl olaraq azalır

Yaponiyada körpə kabusu Keçən il Yaponiyada doğulan körpələrin sayı 720 988-ə düşüb və 2024-cü il bu azalmanın ardıcıl olaraq davam etdiyi 9-cu il olub.

“Kyodo News” xəbər verir ki, Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi ölkədə doğum səviyyəsi ilə bağlı statistikanı açıqlayıb.

Statistikaya görə, 2024-cü ildə doğulan körpələrin sayı 2023-cü illə müqayisədə 5 faiz azalaraq 720 min 988-ə düşüb. Belə ki, ölkədə yeni doğulanların sayının 9 ildir ki, azalmaqda davam etdiyi qeyd edilib. 2023-cü ildə Yaponiyada doğulan körpələrin sayı 758 631-ə düşmüşdü.

Səlahiyyətlilər bildiriblər ki, azalma yaşayış dəyərinin artması, fərdlərin uşaq böyütmək narahatlığı və gənc əhali arasında nikah yaşının artması ilə bağlıdır.

***

Yaponiyada yeni doğulanların sayı 1949-cu ildə 2,69 milyona çatmışdı, lakin bu rəqəm 1973-cü ildə 2,09 milyona, 1983-cü ildə isə 1,5 milyona enmişdi.

Ölkədə yeni doğulan körpələrin sayı ilk dəfə 2016-cı ildə 1 milyondan aşağı düşüb.

Milli Əhali və Sosial Təminat Araşdırma İnstitutu 2035-ci ildə yeni doğulanların sayının 760 mindən aşağı düşəcəyini təxmin etmişdi.

Tokio hökuməti doğum səviyyəsinin aşağı düşməsini artırmaq üçün müxtəlif tədbirlər görür.

 





27.02.2025    çap et  çap et