Kamera şəbəkəsində sifətin tanınması proqramından da istifadə olunur. Taliban Polis Departamentinin sözçüsü Xalid Zadran müşahidə sistemi haqqında bunları deyib: “Biz buradan bütün Kabilə baxırıq. Aydın günlərdə biz insanları kilometrlərlə uzaqdan tanıya bilərik”.
2021-ci ilin avqustunda ABŞ-ın ölkədən çıxması ilə Taliban Kabilə, sonra isə bütün Əfqanıstana nəzarəti ələ keçirdi.
Hesabatda qeyd olunur ki, bu tarixə qədər paytaxtda cəmi 850 təhlükəsizlik kamerası olub. Yeni yaradılmış kütləvi müşahidə sisteminin Talibanın asayişi qorumaqda nə qədər təkmilləşdiyini göstərdiyi deyilir.
Zadran deyir ki, bu sistem paytaxtda dəstələri izləmək və təhlükəsizliyi təmin etmək üçün qurulub: “Müəyyən məhəllələrdə bir qrup insan gördükdə və narkotik istifadəsindən və ya cinayət fəaliyyətindən şübhələndikdə dərhal yerli polisə xəbər veririk”.
Taliban da bu kamera sistemi ilə öz şəxsi heyətinə nəzarət edir. BBC yazır ki, əsgərlər müəyyən keçid məntəqələrində nəqliyyat vasitələrini yoxlayarkən görüntülər təhlükəsizlik kamerası şəbəkəsinə ötürülür.
Digər tərəfdən, hüquq qrupları iddia edir ki, Talibanın mülki şəxslərə nəzarəti narahatlıq doğurur. “Amnesty International” kamera sistemləri ilə bağlı aşağıdakı qiymətləndirmələri paylaşır: “Milli təhlükəsizlik pərdəsi altında quraşdırılan kamera sistemi Talibanın əfqan xalqının, xüsusən də qadınların ictimai yerlərdə əsas hüquqlarını pozan qəddar siyasətini davam etdirməsi üçün şablon təşkil edir”.
Əfqan qadınlardan biri iddia edir ki, kameralar qadınların hicablarını uzaqdan izləmək üçün istifadə olunur. Lakin Taliban rəsmiləri iddia edir ki, kamera şəbəkəsinə yalnız polis girişi var və görüntülər “əxlaq polisi” tərəfindən nəzərdən keçirilmir.