Vaxt.Az

«Ən yüksək səviyyəli danışıqlar aparılmalıdır»


 

«Siz bundan başqa məndən heç nə eşidə bilməzsiniz»

«Ən yüksək səviyyəli danışıqlar aparılmalıdır» Lüksemburqdan seçilmiş avroparlamentari, inkişaf komitəsinin və insan hüquqları alt-komitəsinin üzvü Şarl Qurens (Charles Goerens) Ukraynadakı son hadisələrlə bağlı suallarımızı cavablandırıb.

 

- Bildiyiniz kimi, son günlər ərzində Ukraynanın cənub-şərqində qarşıdurmalar yaşanıb və separatçı nümayişçilər dövlət binalarını ələ keçirib. Sizcə, Avropa İttifaqı (Aİ) bu hadisələrlə bağlı daha konkret addımlar atmalı deyilmi?

- Düşünürəm ki, Avropa diplomatiyasını səfərbər etmək və gərginliyi aşağı salmaq lazımdır. İndi ən əsası dialoqun mümkün olması üçün qarşıdurmaların qarşısını almaq və Helsinki yekun aktının bu gün  hələ də qüvvədə olması ilə bağlı sual qaldırmaqdır. Əminəm ki, dünya siyasətçilərinin böyük əksəriyyəti bu razılığa daxil olan ərazi bütövlüyü prinsipinin qüvvədə qalması üçün kifayət qədər xoşniyyətli və ağıllıdırlar.

Biz çox daha mürəkkəb mühitdə razılıq əldə etməyə nail olmuşuq. Bu gün dialoq yaradaraq razılıq tapmaq bizim borcumuzdur. Təəssüf ki, son danışıqlar heç bir nəticə vermir. Buna görə mən ən yüksək səviyyəli danışıqların aparılmasının tərəfdarıyam və onların müsbət nəticə verəcəyinə ümid edirəm.

 

- Sizcə, Avropa İttifaqı xarici siyasətində qarşı tərəfin Rusiyanı dəstəkləməsini nəzərə almalıdırmı?

- Avropanın ən kiçik ölkələrindən birinin təmsilçisi kimi, siz məndən yalnız Helsinki yekun aktına daxil olan hüquqi prinsiplərin toxunulmaz olduğundan və istisnasız olaraq bütün dövlətlərin bu prinsiplərə riayət etməsinin məcburiliyindən başqa heç nə eşidə bilməzsiniz.

Mən heç bir ölkənin adını çəkmək istəmirəm, ancaq çox böyük təəccüb və təəssüf hissi ilə daha böyük ölkələrin necə asanlıqla hər şeyi geosiyasi və təbii ki geostrateji nöqteyi-nəzərdən görmələrini müşahidə edirəm.

İndiki durumda suveren bərabərlik bütün digər faktorlardan üstün tutulmalıdır.

 





10.04.2014    çap et  çap et