Vaxt.Az

Avropa Parlamentində diktator mövqeyi


 

Obamanı Xruşşova, Putini isə Kennediyə bənzətdilər

Avropa Parlamentində diktator mövqeyi Aprelin 9-da Avropa Parlamentində «Avropa Azadlıq və Demokratiya üçün» fraksiyası tərəfindən «Aİ-Rusiya: Avropada böhrandan yayınmaq və sülhü bərqərar etmək» mövzusunda görüş keçirilib. Görüşdə Rusiyanı yüksək rəsmilər - Rusiyanın Aİ yanında daimi nümayəndəliyinin səfiri Vladimir Çijov, siyasi analitik, vətəndaş cəmiyyəti və insan haqları üzrə Rusiya prezidentinin Şurasının üzvü Sergey Markov, eləcə də Aİ-Rusiya Parlamentlərarası əməkdaşlıq Komissiyasının vitse-həmsədri Vasiliy Lixaçov təmsil ediblər.

Açılış nitqini söyləyən Xarici əlaqələr Komitəsinin vitse-sədri və «Avropa Azadlıq və Demokratiya üçün» fraksiyasının deputatı Fiorello Provera bu görüşün Aİ-Russiya arasında yaşanan gərginliklə bağlı səmimi, açıq fikir mübadiləsi aparmaq və bu gərginliyi azaltmaq üçün təşkil olunduğunu vurğuladıqdan sonra sözü səfir Çijova verib.

Səfir Çijov Ukraynadakı mövcud böhranın baş tutmasında günahın indiyədək bu ölkəyə rəhbərlik etmiş və ukraynalılara layiq olmayan hakimiyyətdə, eləcə də Aİ-nin siyasətində - «Şərq tərəfdaşlığı» planında olduğunu söyləyib. Cənab Çijov həmçinin Aİ-ni və ABŞ-ı ikili standartlarda günahlandırıb. Onun sözlərinə görə, Kiyevdəki Maydan hərəkatı və hal-hazırda Şərqi Ukraynada - Donetskdə baş verənlər eynitipli hadisələr olsalar da, Qərb 1-cini vətəndaşların azadlıq, insan haqları uğrunda mübarizəsi, 2-cini isə Rusiya təxribatının məhsulu adlandırıb. 

Cənab səfir Ukraynadakı böhrandan çıxış yolunu vahid bir liderin olmadığına görə ölkənin federallaşmasında gördüyünü vurğulayıb. Cənab Çijov həmçinin Aİ-ABŞ-Rusiya-Ukrayna formatında danışıqların olmasının vacibliyini qeyd edib, lakin əsas sualın bu danışıqlarda «Ukraynanı kim təmsil edəcək» olduğunu bildirib. 

Cənab Lixaçov öz çıxışına ABŞ-ın «idarə edilən xaos»  layihəsi olan Avro-Maydanın artıq çat verdiyini vurğulayaraq başlayıb. Bununla yanaşı, o, Avropa institutlarının sanksiyaları dayandırmalarının vacibliyini söyləyərək bunun əks reaksiya verəcəyini deyib. Cənab Lixaçov bu sanksiyaların həm də Aİ vətəndaşlarının iş yerlərini itirməsinə gətirəcəyini qeyd edib. Sonda o, Aİ və Rusiyanın həmişə strateji tərəfdaş və bir-birilərinə lazım olduqlarını söyləyib. 

Professor Markov öz növbəsində tərəflər arasında dialoqların azlığından şikayətlənərək vəziyyətdən çıxış yolunu dialoqların daha intensiv şəkildə keçirilməsində gördüyünü qeyd edib. O, eyni zamanda Aİ-ni xarici siyasətlərinin olmamasında günahlandıraraq, İttifaqın bu məsələdə ABŞ-ın mövqeyindən asılı olmamalarını arzulayıb. Professor Ukraynadakı böhranı Kubadakına bənzədib, lakin indiki vəziyyətdə Obamanın Xruşşov, Putinin Kennedi kimi davrandığını qeyd edib. 

Görüşdə çıxış edən İsrail parlamentinin keçmiş deputatı Maykl Kleyner Ukraynadakı vəziyyətdən danışarkən orada baş verən antisemit çıxışları, neo-nasistlərin sinaqoqlara basqınlarını pisləyib. O, iştirakçıları neo-nasist partiyalarına qarşı dözümlü olmamağa və onlarla hər hansı bir əməkdaşlıqdan çəkinməyə çağırıb. Cənab Kleyner həmçinin Kosovo və Krımı müqayisə edərək, Qərbi oxşar situasiyalarda fərqli münasibət göstərməsində və ikili siyasətdə günahlandırıb.

Müzakirələr zamanı söz alan parlamentarilər mövcud gərginliyin azaldılması üçün dialoqların vacibliyini vurğulayıblar.

 





10.04.2014    çap et  çap et