Makron iki günlük rəsmi səfərdə olduğu Portuqaliyanın paytaxtı Lissabonda Portuqaliyanın baş naziri Luis Monteneqro ilə birgə mətbuat konfransında danışıb.
Fevralın 24-də ABŞ-a səfərinə toxunan Makron Avropa Birliyi (AB) ölkələrinə gömrük tariflərinin artırılmaması ilə bağlı Trampla görüşünün çətin keçdiyini bildirib.
“Bu səfər zamanı və ondan sonra şəxsən mən gömrük tariflər məsələsini qaldırdım. Danışıqların çətin olduğunu dedim və çox az ümidlə ayrıldım”, – Makron bildirib.
ABŞ-ın AB-yə tətbiq edəcəyi vergi artımlarının heç kimin xeyrinə olmayacağını bildirən Makron, “Bizim bu cür tədbirlər qarşısında zəif olmaq lüksümüz yoxdur”, – deyib.
Makron qeyd edib ki, ABŞ administrasiyası Avropa ölkələrinə yeni gömrük rüsumları tətbiq etsə, onlar da qarşılıq verəcəklər.
Makron həmçinin Portuqaliya ilə “Canon Sezar” sistemləri və pilotsuz təyyarələrin satışı üçün müqavilə imzalayacaqlarını və hərbi innovasiyaların inkişafı üzərində işləməyə davam edəcəklərini ifadə edərək, Avropanın müdafiə sahəsinə investisiya qoyuluşunu bir daha vurğuladı.
7 ildir Avropanın suverenliyini və strateji müstəqilliyini müdafiə etdiyini bildirən Makron, AB-nin müdafiə, texnologiya və iqtisadiyyat sahələrində özünü gücləndirmək, müstəqil olmaq üçün hərəkətə keçməsi lazım olduğunu vurğulayaraq, “Yeganə həll yolu daha güclü olmaqdır”, – deyib.
Portuqaliyada verdiyi başqa bir açıqlamada ABŞ rəhbərliyinin tariflərlə geosiyasi və iqtisadi qeyri-müəyyənlik yaratdığını deyən Makron, “ABŞ böyük bir dəyişiklik içindədir. Nə etməliyik? Onları yanımızda tutmalıyıq, çünki bölünməyə ehtiyacımız yoxdur, amma qeyri-müəyyənliklə yaşamaq məcburiyyətindəyik”, – deyib.
ABŞ prezidenti Tramp fevralın 26-da AB-yə qarşı gömrük rüsumlarını tezliklə elan edəcəklərini və 25 faizlik tarif tətbiq etməyə qərar verdiklərini açıqlayıb.