Parlamentarilər Rusiyanın öz hərəkətlərinə haqq qazandırmaq üçün gətirdiyi arqumentlərin heç birinin fakt və sübutlara əsaslanmadığını bildiriblər.
«Ayrılmaq və Rusiya Federasiyasına birləşmək ideyası Rusiya hakimiyyət orqanları tərəfindən hərbi müdaxilə ilə qızışdırılır», - bəyannamədə deyilir. Budapeşt müqaviləsinin iştirakçılarına, eləcə də digər müvafiq Avropa ölkələrinə tövsiyə olunur ki, Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün təmin olunması üçün real təhlükəsizlik razılıqlarını gözdən keçirsinlər.
Assambleya Kiyev yeni hökumətini və Ali Radanın legitimliyini, həmçinin onların qəbul etdiyi qərarların qanuniliyini tamamilə tanıyır, eyni zamanda, yeni hökumətin legitimliyini sual altında qoyan cəhdlərə təəssüflənir. Bildirilir ki, bunun məqsədi ancaq ölkədə sabitliyi pozmaqdır.
Aşkar tarixi və mədəni fərqlərə baxmayaraq, ölkənin şərq və qərbə ayrılmasının əsas səbəbi siyasi xarakter daşıyır. İstənilən federalizasiya anlayışına qarşı çıxan parlamentarilər hakimiyyət orqanlarına «yerli və regional hakimiyyəti möhkəmləndirmək və mərkəzi hakimiyyəti gücləndirmək» üçün hərtərəfli strategiya hazırlamağı məsləhət görüblər.
Parlamentarilər hesab edirlər ki, hakimiyyət dəyişikliyi Ukraynanın demokratik inkişafına yeni imkanlar yaradır. Konstitusiyanı Avropa Şurası standartlarına uyğunlaşdırmaq, prezident və qanunverici orqan arasında daha yaxşı qüvvələr balansı yaratmaq üçün onlar Ali Radaya konstitusiyaya düzəlişlər etməyi təklif ediblər.
«Avromaydan» etirazları ilə bağlı baş vermiş bədbəxt hadisələr, insan haqlarının pozulması halları tam araşdırılmalı, cinayətkarlar və bunun arxasında duran şəxslər ədalət mühakiməsinə cəlb olunmalıdırlar», - parlamentarilər bildiriblər.
Qeyd edək ki, AŞPA-nın qəbul etdiyi bəyannamə AŞPA-nın müşahidə komitəsinin həmməruzəçiləri Maylis Reps (Mailis Reps - Estoniya, ALDE) və Marietta Purbe-Lundinin (Marietta de Pourbaix-Lundin - İsveç, EPP/CD) hazırladığı »Ukraynadakı son hadisələr: demokratik institutların fəaliyyətinin qarşısını alan təhdidlər»lə bağlı tam hesabata əsaslanıb.