Vaxt.Az

Zelenskinin liderlik sınağı


 

Dəlioğlanlıqla qətiyyətin arasındakı qızıl ortanı tapmaq məcburiyyəti

Zelenskinin liderlik sınağı Ağ Evdə Tramp-Zelenski-Vens arasında yaşananlar səhnələşdirilmiş tamaşa, yaxud Zelenskinin Trampa qarşı Türkiyə və Avropa liderləriylə kordinasiya olunmuş gedişi deyilsə, onda Zelenskinin liderliyi 2022-ci ilin əvvəllindəki kimi yenidən sınaqla üz-üzədir.

2022-ci ilin fevral-mart aylarında Qərb liderləri Zelenskiyə Kiyevi tərk edib Lvova, yaxud Qərb ölkələrinə sığınmağı təklif edirdilər. O, bu təklif-təzyiqləri rədd edib, müqavimət göstərdi. Sonrakı tarix Zelenskini haqlı çıxardı.

İndi Zelenski yenidən çətin bir sınaqla üz-üzədir. Ya o, öz xalqını və ölkəsinin müttəfiqlərini səfərbər edib daha güclü müqavimət göstərməli və sülh danışıqlarında üstün mövqedən çıxış etməlidir, ya da güzəştlərə gedib Trampın şərtləriylə “Minerallar sazişini” imzalamalıdır. Trampın şərtləriylə atəşkəsə getmək heç bir halda Ukrayna üçün məğlubiyyət deyil.

Azərbaycan 1994-cü ildə “Əsrin müqaviləsini” Ukraynaya bu gün təklif edilənlərdən daha ağır şərtlərlə imzaladı. “Əsrin müqaviləsiylə” Qərb şirkətləri Azərbaycanın 5 milyard barelə yaxın neft və kondensatını, 280 milyard kubmetr qazını çıxardı. Azərbaycan nefti və qazından təxminən 400-500 milyard dollarlıq gəlir əldə edildi. Onun da təxminən yarısı – 200 milyard dolları Azərbaycana qaldı.

Ukraynaya isə “Minerallar sazişiylə” daha böyük dividentlər vəd edilir. Rusiya təcavüzünün dayandırılması, ölkəsinin yenidən qurulması, müasir silahlarla təchizat, AB üzvlüyü perspektivi və s. Azərbaycana isə bunların heç biri təklif edilmədi. Əksinə, Qərb Azərbaycanı işğalla barışmağa təşviq edirdi. Bu baxımdan Zelenskinin Trampın irəli sürdüyü şərtlərlə sazişi imzalaması da məğlubiyyət olmayacaqdı. Amma onun qətiyyət göstərib, daha çox güzəştlər qoparması da anlayışla qarşılanmalıdır.

Zelenski, ölkəsi işğala məruz qalmış liderdir. Ölkəsinin hər bir qarışı işğaldan azad edilənə qədər o, bütün danışıqlardan narazı qalmalıdır. Başıaşağılıqla sözə baxsa, heç kim gəlib onun ölkəsini işğaldan azad edəsi deyil. Amma eyni zamanda Zelenski dəlioğlanlıqla qətiyyətliliyin arasındakı qızıl ortanı da tapmağa məcburdur.

Bütün hallarda Ukrayna qalibdir. Rusiya Ukraynada məğlubdur. Hətta Tramp Putinlə razılaşıb Zelenskini aradan götüzdürsə (sui-qəsd və s) belə Rusiya üstünlük qazana bilməyəcək.

 





01.03.2025    çap et  çap et