Amma təəssüf ki, Azərbaycanda qanqster filmlərinin qanlı süjet xəttinin içərisindən xoşbəxt sonluqla bitəcək romantik sevgi macəralarına tamaşa edəcəklərinə ümid bəsləyənlər hələ də var.
Mənə görə, Zelenski Amerika, Qərb dəyərləri ilə bağlı nağılların əsasında çəkilmiş romantik postsovet seriallarının, Tramp isə real Amerika həyatını əks etdirən filmlərin ümumiləşdirilmiş obrazıdır. Amerika arzusu amerikalılar üçündür, ukraynalılar üçün yox. Amerikalıların onların arzularını da gerçəkləşdirəcəyinə ümid bəsləyənlərin son arzusu də Tramp-Zelenski debatında paramparça olub ayaqlar altına düşdü. Bir daha aydın oldu ki, amerikalılar, istər Ukraynada, istərsə də oyuna gələn istənilən ölkədə yalnız və yalnız öz arzularını gerçəkləşdirirlər. Hətta ən dəhşətli, qanlı ssenarilər əsasında olsa da belə...
Tramp-Zelenski görüşündə baş verənlər ABŞ-ın yeni prezidentinin ölkənin ictimai rəyindəki mövqeyini zəiflətdimi? Əsla yox! Əksinə daha da möhkəmlətdi. Çünki Trampın hər kəlməsində, hər hərəkətində Amerika Birləşmiş Ştatlarının qurucusu olan toplumun dünyagörüşü, həyat fəlsəfəsi yer alıb və bu amil “Hər şey Amerika üçün” deyən ABŞ prezidentinin mövqeyində də özünü qabarıq şəkildə büruzə verir. Qlobal liberalizmin süqutunun son anonslarının gurultulu çöküşü fonunda “Qərb dəyərləri” haqqında siyasi marketinq texnologiyası da süquta uğrayır. Artıq qlobal qarşıdurmaların “geosiyasi poker” dövrünü yaşayırıq. İndi bazarlıq üçün “kartları” sayırlar. Və gerçək liderlər, istisnasız olaraq, xalqının, dövlətinin taleyini “poker masası”na çıxarmayanlardır!
Zelenski qəhrəman deyil, qurbandır. Ondan əvvəlkilər də, sadəcə məsuliyyətdən yayınmaq üçün vaxt qazanmağa çalışan fərarilərdir.
Ukraynanın taleyinin “poker masası” üzərinə çıxarılması prosesi isə Budapeşt razılaşmasından və Leonid Kuçmanın bu razılaşmaya imza atdığı andan başlayır. Bu gün baş verənlərə görə, həm də Qərbin “rəngli inqilab” ssenarilərində rol alan Ukrayna siyasətçiləri məsuliyyət daşıyırlar. İndi onların heç biri meydanda yoxdur. Məğlubiyyətin şərikləri olmur...