Qeyd edək ki, immiqrasiya axını ilə mübarizə üçün hərbi-dəniz əməliyyatları ötən ildən başlayıb. O vaxtdan bəri Afrika və Yaxın Şərqdən gələn gəmilərin sayı yüksək sürətlə artır.
Daxili işlər naziri Angelino Alfano sahilə axının dayanmaq bilmədiyini və vəziyyətin getdikcə daha da təhlükəli olduğunu bildirib.
«Elə indicə 2 yük gəmisi göyərtəsində 300 və 361 adam olan 2 gəmini xilas etməklə məşğuldur. Görünür, göyərtədə azı bir nəfər ölü də var», – o deyib. Alfano əlavə edib ki, bu il Aralıq dənizini keçən 15 000 immiqrant xilas edilib. O iddia edib ki, Afrika və Yaxın Şərqdən 600 min adam Liviya sahillərindən yola çıxmağa hazırdır.
«Avropa vəziyyəti ələ almalıdır. «Frontex»ə 80 milyard avro pul qoymaqla məsələnin həll olunduğunu demək olmaz», - Aİ sərhəd nəzarət sisteminə istinadən Alfano bildirib. «Ölüm tacirləri bu insan alverindən böyük mənfəət götürürlər. Liviya sahillərindən 30-40 mil uzaqlaşan kimi kömək çağırırlar», - deyə Alfona əlavə edib.
Xatırladaq ki, 2013-cü ilin oktyabr ayında Eritreya və Suriyadan gələn 400-dən çox immiqrant İtaliya sahillərində ardıcıl 2 qəzada dünyasını dəyişmişdi. İtaliya bundan sonra hərbi-dəniz əməliyyatlarına başlayıb.
İtaliyanın cənubdakı kiçik Lampeduza adasında hal-hazırda 5 hərbi-dəniz gəmisi əməliyyat aparır. Bu ada Avropa İttifaqına qanunsuz miqrasiyada ən böyük keçid rolunu oynayır.
İtaliya hökuməti 4000 immiqrantdan təxminən 2500-ün xilas edildiyini, qalanların qarşısının isə ticarət gəmiləri və sahil mühafizə xidməti tərəfindən alındığını bildirib.
Dəniz əməliyyatları başlayandan bəri ötən 48 saat ərzində bu ən böyük göstəricidir, nümayəndə bildirib. Ötən il İtaliyada xüsusilə Suriya müharibəsindən qaçaraq sığınacaq axtaranların sayı 60 faiz artıb. Buna baxmayaraq, göstəricilər 2011-ci ilin «Ərəb baharı» qiyamlarından hələ aşağıdır. Sonuncu artım Avropa Parlamenti seçkilərindən əvvəlki dövrə təsadüf edib.
İmmiqrasiya əleyhinə çıxan «Şimal liqası» - kiçik müxalifət partiyası Alfanoya immiqrantları geri qaytarmağı məsləhət görüb.
«İmmiqrasiya üzrə hüquqi araşdırmalar cəmiyyəti»nin sözçüsü Silviya Kanikani (Silvia Canicani) isə yeni axının miqyasını kiçildib. «Gələnlərin sayı artır, lakin vəziyyətin pisləşməsinin səbəbi İtaliyanın sığınacaq sisteminin pis idarə olunmasıdır», - o deyib.
Cənab Kanikani bildirib ki, gəlmələr xüsusi yerləşmə yerlərinə, məsələn, otellərə aparıla bilər. Lakin İtaliyada sığınmağa «yer qalmayıb». Vəziyyəti təhlükəli olan immiqrantlara, xüsusən də azyaşlılara lazımi qayğı göstərilmir. «Bu, 2011-ci ilin Şimali Afrika fövqəladə vəziyyəti ilə oxşardır. İtaliya hökuməti eyni səhvləri təkrar edir», - Kanikani əlavə edib.