Aİ-nin təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Ketrin Eşton aprelin 8-də Vyanada birgə bəyanatda bildirib ki, diplomatik nümayəndələrin növbəti görüşündə dünya gücləri ilə İran arasında danışıqlar intensiv mərhələyə keçəcək.
«Danışıqlar indi yeni mərhələyə keçir, biz əsas sahələr üzrə bütün boşluqları doldurmağa və hərtərəfli yekun razılığın əldə olunması üçün konkret elementlər üzərində çalışacağıq», - BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvünün «5+1» kimi tanınan nümayəndə heyətinə başçılıq edən Eşton bildirib.
Qeyd edək ki, Təhlükəsizlik Şurasının daimi beş üzvü ABŞ, Rusiya, Çin, Britaniya və Fransadır.
Hər iki tərəf Tehranın nüvə proqramını azaltması və yekun razılığın əldə olunması üçün konkret elementlər üzərində çalışacaqlar. Qərb ölkələri beynəlxalq sanksiyalar götürüldükdən sonra İranın silah istehsal etməsindən ehtiyat edirlər. İran nüvəni sülh və elmi məqsədlər üçün istifadə etdiyini iddia edir.
«Gərgin əmək»
Eştonun birgə bəyanatından sonra İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bir daha təkrarlayıb ki, «Danışıqların bu mərhələsində mövcud fərqlərin aradan qaldırılması üçün çoxlu gərgin əmək tələb olunur.»
İran və «P5+1» 13 mayda Vyanada artıq 4-cü dəfə danışıqlar aparacaq. Danışıqların məqsədi iyul ayınadək yekun nüvə razılığı əldə etməkdir.
Zərif bildirib ki, İran və dünya gücləri 50-60 faiz razılıq əldə ediblər. Güman ki, iyul ayınadək razılıq əldə olunar.
Çin nümayəndəsi müxbirlərə dünya güclərinin «bir az tələskənlik göstərdiyini» bildirib, Rusiyanın danışıqlardakı rolunu isə bəyənib.
Çin Xarici İşlər Nazirliyinin silahlara nəzarət şöbəsinin rəhbəri Vanq Qun (Wang Qun) bildirib ki, «Hamı qoyulmuş son vaxtadək məsələni həll etmək istəyir. Tərəflər buna əsl və səmimi səy göstərirlər.» O, Ukrayna hadisələrinə görə Qərblə arasında davam edən gərginliyə baxmayaraq, Rusiyanın danışıqlarda vacib rol oynadığını bildirib. «Rusiyanın danışıqların ümumi nəticəsində şübhəsiz faydası olub», - Vanq Qun deyib.
«Heç kəs İrana hədə-qorxu gəlməsin»
İranın ali lideri Ayətullah Əl-Xamneyi nüvə danışıqlarına razı olduğunu bildirib. Xəbərdarlıq edib ki, heç kəs Tehrana hədə-qorxu gələ bilməz, İran nüvə tədqiqatlarını dayandırmayacaq.
«Bizim vasitəçilərimiz qarşı tərəfdən məcburiyyət xarakterli sözlər eşitməməlidirlər. Ölkənin nüvə nailiyyətləri dayandırılmamalıdır, heç kəsin bu barədə bazarlıq etmək haqqı yoxdur», - İranın Milli Nüvə Texnologiyası gününü qeyd edərkən, nüvə alimləri və rəsmilər qarşısında o belə deyib.
«Amerikalılar çox yaxşı bilirlər ki, bizim nüvə silahı istehsal etmək niyyətimiz yoxdur. Lakin onlar vaxtaşırı İran əleyhinə şübhələr yaradırlar. Məhz bu səbəbdən mən danışıqların aparılmasına, dünyanın həqiqəti bilməsinə razı oldum», - dini lider bildirib.